Təxminən bir ay öncə Rusiya KİV-ə istinadən sosial şəbəkələrdə tənha qadınlarla tanış olub ailə qurmağı təklif edən, sonradan həmin qadınlardan pul qoparan "amerikalı hərbçi” barədə məlumat vermişdik.
"Amerikalı hərbçi”nin toruna düşən qadınların əksəriyyəti Rusiya vətəndaşı olub. O, müxtəlif yollarla qadınlardan pul qoparandan sonra müəmmalı şəkildə yoxa çıxırmış.
Analoji hadisə Azərbaycanda da baş verib. Belə ki, redaksiyamıza müraciət edən 50 yaşlı orta məktəb müəlliməsi bildirib ki, uzun illər əvvəl həyat yoldaşını itirib, üç ay öncə isə facebook- da Amerikadan olan bir hərbçi-Abrams Romero Cilio ilə tanış olub. "General” ona Əfqanıstanda ABŞ ordusunun tərkibində qulluq etdiyini deyib. Həyat yoldaşının xəyanətinə görə rəsmi qaydada ayrıldığını və yenidən ailə qurmaq niyyətində olduğunu açıqlayıb. Həmçinin müəlliməyə 21 yaşında qızı və nəvəsi olduğu barədə danışıb. O, tərbiyəli və dünyagörüşlü bir xanımla ailə qurmaq niyyətində olduğunu da gizlətməyib.
Həmyerlimiz qadının dediklərinə görə, getdikcə "general”la münasibətləri istiləşib, Skype vasitəsilə əlaqə saxlayıblar, evlənmək barədə razılığa da gəliblər...
Əməkdaşımız bu məsələni araşdırarkən məlum olub ki, azərbaycanlı müəlliməyə göndərilən fotolar əslində tamam başqa şəxsə məxsus olub. Robert Abrams adlı general həqiqətən də Əfqanıstanda qulluq edir və fotolar ona məxsusdur. Özünü həmin general kimi təqdim şəxsin isə əslində kim olması sual altındadır. Bu dələduz hərbi hissədən uzun müddət çıxa bilmədiyinə görə maddi problemlərlə üzləşdiyini, ona pul lazım olduğunu da deyibmiş. Dələduz "hərbçi” qadına pul köçürmək üçün hesab da göndərib.
Əsl general Abrams Robert isə sosial şəbəkələrdə belə bir məlumat yayıb ki, onun adından yüz minlərlə qadınlara tanışlıq, ailə qurmaq təklifləri göndərilir./virtualaz.org/
MediaFax