Köln karnavalı zamanı şəhərin mərkəzində yük maşınlarının hərəkətinə iki gün müddətinə qadağa qoyulacaq.
"Kölner Stadt-Anzeiger” qəzeti bu barədə şəhərin hakimiyyət orqanlarının və polisin qərarına istinadla yazıb.
Xüsusi yaradılan işçi qrupunun nümayəndələri qərarı belə izah ediblər: "Bu yolla karnavala gələnlərin və yürüş iştirakçılarının təhlükəsizliyini artıra bilərik”.
Fevralın 26-27-də yükqaldırma gücü 7,5 tondan çox olan avtomobillərin şəhərin mərkəzinə daxil olmasına icazə verilməyəcək. Ənənəyə görə, karnavalın "coşqun bazar ertəsi” adlandırılan ikinci günü şənliyin daha böyük miqyaslı olan başlıca hadisəsi – karnaval yürüşü keçirilir.
Ehtiyat tədbirləri ötən ilin iyulunda Nitsada törədilən terror aktına və dekabr ayında Berlində baş verən oxşar hücuma reaksiyadır. Hər iki hadisə zamanı terrorçular yük maşınlarını insanların sıx toplaşdığı yerlərə yönəldiblər. Bu terror hücumları nəticəsində Nitsanın sahil hissəsində 84 adam, Berlinin mərkəzindəki Milad bazarında 12 adam həlak olub./AZƏRTAC/
MediaFax