Alimlər xəbərdarlıq edirlər: “Aclıq başlayır”

Lids Universitetinin alimləri bildiriblər ki, çox tezliklə qlobal istiləşmənin nəticəsi olaraq bizim planetdə humanitar fəlakət başlayacaq.
 
Buna səbəb bir sıra kənd təsərrüfatı məhsullarının sıradan çıxması olacaq. Bununla əlaqədar olaraq, Yer kürəsində qida çatışmazlığı yaranacaq və bizim planetin sakinləri arasında aclıq başlayacaq. 

Ekspertlər artıq hesablayıblar ki, bu, yaxın 10 il ərzində baş verəcək.

Qarğıdalı məhsulunu müşahidə edən tədqiqatçıların hesablamalarına görə, orta illik temperaturun yüksəlməsi ilə əlaqədar olaraq, qarğıdalının dənlərinin sayı və kütləsi azalır. Qarğıdalı bu gün bütün dünyada kənd təsərrüfatının ən əsas bitkilərindən biri sayılır.

Bu fəlakətin ən çox Afrikada hiss olunacağı bildirilir. Havanın yüksək temperaturu ilə əlaqədar olaraq bir çox bitkini bu qitədə becərmək mümkün olmayacaq Qarğıdalının məhsul vermək qabiliyyətinin azalması dünyanın digər yerlərində də gözlənilir.  Göstərilmiş məhsul azlığına havanın yüksək temperaturu və torpaqda quraqlığı yaradan qrunt səbəb olacaq. Çünki bu amillər torpağın istirahət dövrünü ixtisar edir və orada biokütlənin toplanmasını azaldır. Alimlər analoji olaraq digər kənd təsərrüfatı bitkilərinə də iqlim dəyişikliklərinin neqativ təsir göstərəcəyini qeyd edirlər.

Bu dəyişikliklərlə əlaqədar olaraq, 2018-ci ildə məhsuldarlıq aşağı düşəcək, 12 ildən sonra isə qarğıdalı nəinki Afrikada, dünyanın heç bir yerində bitməyəcək.

Tədqiqatçılar qarğıdalının məhsuldarlığını, püxtələşməsini və digər aqronomik xüsusiyyətlərini kompüter vasitəsilə analiz ediblər. Nəticədə məlum olub ki, artıq 10 ildən sonra digər taxıl bitkiləri ilə yanaşı qarğıdalının da ciddi şəkildə defisiti yaranacaq. Bu isə ərzaq çatışmazlığına və Yer kürəsində aclığın geniş bir arealda yayılmasına gətirib çıxaracaq.  Mütəxəssislər yeni taxıl sortlarının yaradılmasının vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, taxıl məhsullarının sıradan çıxmasının neqativ təsirlərinin qarşısını almaq üçün zəruri addımları indidən gözdən keçirmək lazımdır. Yeni məhsul sortlarının əldə edilməsi üçün alimlər xüsusi istixanaların yaradılması və orada temperatura süni yollarla nəzarət edilməsi təklifini irəli sürüblər.

Alimlər onu da bildirirlər ki, istixana effektinin (günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulması — red.) aradan qaldırılması məhsulun azalması prosesinin qarşısını ala bilməz. Həmçinin, əgər istixana effektinin qarşısı bu gün alınsa, Yer kürəsində aclıq 2030-cu ildə deyil, 2050-ci ildə başlayacaq.
Daha əvvəl bildirilirdi ki, amerikalı alimlər planetdə qidanın həcmini artırmağı və torpağın məhsuldarlığını 70%-ə qaldırmağı planlaşdırırlar./sputnik.az/

MediaFax