"Reallıq deyilən bir anlam var. Bu günə kimi nə qədər müğənnilərimiz Türkiyəyə gedib, orada şou-biznesə qatılmaq istəyib. Mənim qonaq olduğum verilişlərdən də reytinqli proqramlara dəvət alıblar. Elə Elnur Hüseynovun "O səs Türkiyə" proqramına qatılmasına nəzər salaq".
Bu sözləri müğənni Samir Piriyev "ARB TV"də yayımlanan "Gəlin danışaq" proqramında deyib.
İfaçı türkiyə şou-biznesinə qatılan həmkarlarından danışıb:
"Elnur çox gözəl çıxış etdi və fəxrimizdir. Amma indi hardadır? Niyə görünmür? Daş yerində ağır olar. Bir millət iki dövlətik, vətənimi, xalqımı, türkçülüyü sevən insanam. Amma televiziyada işləyən bəzi qüvvələr var ki, türk adıyla başqa millətlərin nümayəndələrinə paxıllıq edirlər".
Türkiyədə yarışmaya qatılan S.Piriyev orada ona qarşı edilən haqsızlıqdan söz açıb:
"Finala 1 gün qalmış çıxış edəndən sonra mənə dedilər ki, sənə ölkəndən sms az gəlib, 300 sms. Halbuki tanıdığım adam hər həftə oturur 1000-1500 manatlıq sms göndərir. Onda gördüm ki, bunlar məni istəmirlər. Buradan Qənirə Paşayevaya təşəkkürlərimi bildirirəm. Qənirə xanım və Konya İcra Hakimiyyəti çox dəstək oldular. Amma üçlüyə düşməyə imkan vermədilər. Oktay Kaynarca söyləmişdi ki, mənim fanatlıq etdiyim azərbaycanlı uşaq hardadır? Fəxri qonaq kimi finala çağırdılar. Bununla da sanki təşəkkür etdilər".
MediaFax