Ailələrin kiçilməsi cəmiyyətə necə təsir edir? - Açıqlama

30-40 il bundan əvvələ qədər əksər ailələrdə uşaqların sayı çox olurdu.
 
Amma zaman keçdikcə,  ailələr kiçildi. Qloballaşmanın təsiri ilə bəzilərinin əmisi, dayısı, bibisi, xalası və digər qohumları olmadı. Ailənin tək övladlarının isə doğulacaq uşaqlarının demək olar ki, qohumluq çevrəsi tamamilə daraldı. Ailələrin kiçilməsinin cəmiyyətə hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı saytımıza danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ailədə uşaqların sayının çox olması ümumən yaxşı haldır.

"40 il bundan əvvələ qədər bir ailədə 7, 8, 9, 10 və daha çox uşağın olmasına tez-tez rast gəlmək olardı. Mən uşaq olanda tez-tez qəzetlər yenicə "Qəhrəman ana” olanların səhifə boyu siyahısını verərdi. Eyni zamanda, hər bir ailənin güclü təmasda olduğu, qohumlardan - əmi, dayı, bibi, xala,  əmioğlu, bibioğlu - ibarət 150-200 nəfərlik yaxını da var idi. Bu, həm sosial baxımdan çox yaxşı idi - hər birinin şad günündə, ağır günündə bu qohumlar dəstək olurdu. Həm də mənəvi cəhətdən yaxşı idi, bu insanların hər birində bir doğma enerji var idi. O biri tərəfdən müdafiə baxımından da yaxşı idi - hər kəs öz arxasında bu doğma insanların sayı qədər qüvvəyə arxalanırdı. Həm də ölkə əhalisinin sayı artdıqca, ölkənin müdafiə qüdrəti, istehsal qüvvəsi, vergi ödəyicilərinin sayı artırdı və s.”.

Sosioloq deyir ki, qohumlar çox olduqda cəmiyyətdə mütəşəkkilliyin, sosial problemlərin həllinin daha tez təmin olunmasına imkan yaranır. 

"Cəmiyyətdə tənha, kimsəsiz adamlar demək olar ki, olmur. Hər kəsə dar gündə təbii olaraq dayaq olan, ona kömək edən bir sosial qrup olur. Yaxud hər bir adama oxumaqda, iş qurmaqda, problemlərdən qorunmaqda, mənəvi dəstək verməkdə kömək edən bir təbii mühit olur. İnsanlar arasında təbii ünsiyyət və bu təbiilik hesabına mənəvi rahatlıq yaranır. Doğrudur, qohumlar çox olanda qruplaşma, qarşıdurma halları da çox ola bilər. Amma bu, cəmiyyətdəki mühitdən, dəyərlərdən asılıdır. O cəmiyyət daha yaxşı cəmiyyətdir ki, qohumluq əlaqələrinin daha pozitiv şəkildə üzə çıxmasına münbit şərait yaradır”.

Ə. Qəşəmoğlunun sözlərinə görə, artıq dövran dəyişib, qloballaşmanın sürətlə getdiyi indiki vaxtda bir çox dəyərlər sürətlə sıradan çıxır:

"Ötən əsrin ikinci yarısından başlayaraq BMT kimi beynəlxalq təşkilatlar, ayrı-ayrı elmi tədqiqat mərkəzləri, siyasətçilər Yer üzündə insanların sürətlə artmasının doğuracağı müdhiş problemlərdən danışmağa başladılar. Onları həyəcanlandıran əsas qorxu bundan  ibarət idi ki, Yer üzünün insanları qidalandırmaq, onların həyat şəraitini təmin etmək üçün resursları azdır. Əhali sürətlə artsa, yaxın vaxtda resurs çatışmazlığı üzündən Yer kürəsində böyük problemlər yaranacaq. Əhalinin sürətlə artmasının qarşısını almaq üçün müxtəlif  xarakterli proqramlar hazırlamağa, həyata keçirməyə başladılar. Ən humanist proqram BMT tərəfindən elan edildi. 1994-cü ildə Qahirədə BMT-nin mənim də bir ekspert kimi iştirak etdiyim Sammiti əhali və inkişaf problemlərini ətraflı olaraq müzakirə etdi və Fəaliyyət Proqramı qəbul etdi. Bu proqramın əsas mahiyyəti ondan ibarət idi ki, heç bir ölkəyə əhali artımı barədə qadağa qoymaq olmaz”.

Müsahibimizin sözlərinə görə, əhali artımında prioritet say yox, keyfiyyət olmalıdır.

"Bu prinsip mahiyyəti etibarilə mütərəqqi prinsipdir. Doğrudan da, bir ailədə 10 problemli uşaq böyütməkdənsə, vətən üçün, insanlıq üçün daha faydalı 3 uşağın böyüməsi məqsədə uyğundur.

Amma həyat göstərdi ki, BMT-nin bu prinsipləri ilə yanaşı, başqa mərkəzlər elan olunmayan prinsipləri özündə ehtiva edən proqramlar da qəbul edib, həyata keçirməyə başladı. Belə ki, bir az keçməmiş, heç əksər ölkənin keyfiyyətli əhali böyütməyə imkanı olmadı. Dünyanı bürüyən müharibələr, qan burulğanları başqa proqramların daha tez həyata keçirildiyini göstərdi.

Bu onu göstərir ki, indi Yer üzünün inkişafına yön verən mərkəzlərin fəlsəfələri, həyat haqda təsəvvürləri qüsurludur. Əvvəla Yer üzünün resurslarından, enerji potensialından heç də səmərəli istifadə olunmur. İkincisi, insanların  mənəvi zənginləşməsinə düzgün fikir verilmir. Uzun illər Şərq fəlsəfəsinin, xüsusi ilə orta əsr islam, təsəvvüf fəlsəfəsinin nəfsin tərbiyə olunması zərurəti arxa plana keçib. Yer üzündə indi maddi dəyərlərin mənəvi dəyərləri əsarətə aldığı bir dövr hökm sürür. Belə bir dövrdə isə daha çox qanlı, vəhşi metodlar ön plana kecir. Ona görə də Yer üzündə BMT-nin təbliğ etdiyi keyfiyyətli əhali çoxalmadı. Əvəzində miqrantlar, qaçqınlar, köçkünlər, terrorçular çoxaldı”.

Əhməd Qəşəmoğlu bildirib ki, indi insanlar öz həyatları barədə də daha çox düşünməyə başlayıb. 

"Çünki bir çox güc mərkəzləri əhali artımının qarşısını humanist yolla almaq istəmir. Onları eyni zamanda ölkələrdə irəli çıxacaq təhsilli adamların, alimlərin çoxalması qane etmir. Onlar Yer üzünü daha çox iqtisadi çətinliklər, müharibələr yolu ilə  idarə etməyə, əhali artımını  bu yolla tənzimləməyə çalışırlar”./modern.az/

MediaFax