Son vaxtlar şou-biznes nümayəndələrinin kriminal aləmlə olan bağlılıqları üzə çıxarmaqdadır.
Məsələn, bu günlərdə müğənni Mətanət İskəndərlinin adı ikinci dəfə "MTN işi”ndə hallandı. Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunurdu.
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev onu "MTN agenti” olmaqda suçlayaraq, qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia etmişdi.
Xatırladaq ki, bundan öncə də ABU-nun sabiq rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasında dəfələrlə müğənni Mətanət İsgəndərlinin adını çəkib.
Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Abdullayev Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
"MTN işi” və bu kimi kriminal əməllərdə adları hallanan digər məşhur şou-biznes nümayəndələri də var ki, onlardan bir neçəsini təqdim edirik.
Müğənni Mətanət İskəndərli hələ ki, Akif Çovdarovun məhkəməsində dindirilməsə də, müğənni Manaf Ağayev məhkəmədə iştirak edib. Belə ki, bu günlərdə müğənni Akif Çovdarovun cinayət işində adı zərərçəkən kimi keçən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə çağırılıb. Onun növbəti proseslərdə şahid kimi ifadə verəcəyi bildirilib.
Müğənni bununla bağlı musavat.com-a açıqlamasında bildirib ki, onun Akif Çovdarovla heç bir əlaqəsi olmayıb: "Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsi oldu. Biz də gedib, dost kimi iştirak edirik. Orada sökülən evlər də var. Biz də bir-birimizlə maraqlanmaq üçün toplanırıq”.
"MTN qalmaqalı”nda müğənni Şəbnəm Əsədovanın (Şəbnəm Tovuzlu) da adı hallanır. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, o, zamanında Akif Çovdarovun qurbanlarından biri olub. Müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb.
Onun MTN-ə aparılmasını Akif Çovdarovdan xahiş edən isə ona sponsorluq etmiş Famil adlı şəxs olub. Məlumata görə, müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra "Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun "krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb, onları sıradan çıxarıblar.
Müğənni isə bütün bu iddiaların yalan olduğunu, Famil adlı şəxslə nə vaxtsa birgə yaşadığını və sonradan aralarında problem olduğu üçün münasibətlərinin bitdiyini açıqlamışdı.
Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində də çoxlu sayda müğənnilərin adları hallanırdı. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez özünə məxsus "Qarabulaq” restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur.
Onunla birgə fotosunun olması müğənni Eyyub Yaqubovun da bu "dost” siyahsına düşməsinə səbəb olmuşdu. Belə ki, Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Lakin müğənni bununla bağlı açıqlama verməkdən yayınmışdı.
Hacı Məmmədovla adı hallanan digər müğənni isə Manana Çaparidzedir. Onun 2006-cı ildə Hacı Məmmədovla "Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. İddialara görə, H.Məmmədov M.Caparidzeyə "Mersedes" markalı avtomobil hədiyyə edib.
M.Caparidze həmin vaxt Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: "Mən bir il "Qarabulaq" istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər".
Hacı Məmmədovun dostluq etdiyi məşhur müğənnilərdən biri də mərhum İlhamə Quliyeva olub. Müğənni onunla olan dostluq əlaqələrinə bu cür şərh vermişdi: "Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri”ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulaq”a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim”./musavat.com/