ABŞ-a Türkiyədə çevriliş lazımdırmı?

Ekspertlərə görə, Gülən təkbaşına çevrilişi planlamaq imkanında deyildi; bu da istər-istəməz ABŞ-ın qiyamda əli olduğuna şübhələr yaradır...

15 iyul Türkiyədə hərbi çevrilişə cəhd hadisələri və bu olayların fonunda baş verən proseslər hələ də dünya gündəmində müzakirə mövzusudur. Türkiyə hökuməti hərbi çevrilişin arxasında ABŞ-da yaşayan dini lider Fətullah Gülənin olduğunu deyir. 

Artıq Türkiyədə qiyam hadisələrinə görə işdən çıxarılan, həbs edilən müəllim, hakim, polis, hərbçilərin sayı minləri ötüb. Əməliyyatlar ölkənin bütün bölgələrində davam etdirilir.

Bu əməliyyatlarla yanaşı, Türkiyədə baş verən və hökumətin xalqın dəstəyi ilə qarşısını aldığı hərbi çevrilişin kimlər tərəfindən planlaşdırıldığı əsas müzakirə mövzularından biridir. "Gülən camaatı”nın bu dəstəyi ABŞ-dan aldığını irəli sürən xeyli sayda siyasətçi və politoloq var. Gülən tərəfdarlarının təkbaşına bu işi görə bilməyəcəyinə, bu təşkilatın bu qədər gücə sahib olduğuna inanmayanlar da az deyil. 

Sabiq MTN polkovniki İlham İsmayıl musavat.com-a açıqlamasında ABŞ-ın bu çevrilişin arxasında dayanması ilə bağlı səsləndirilən iddiaların əsassız olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-ın bu çevrilişdən xəbərdar olması mümkündür, ancaq bu hadisələrin arxasında dayanması inandırıcı deyil: "Bu hadisədən Fətullah Gülənin də xəbəri olub. Ancaq məhz Gülənin Türk Silahlı Qüvvələrinin Hava Komutanlığına məlumat verməsi, əlbir işləməsi və ABŞ-ın da bunun arxasında dayanması kimi bir ehtimal yoxdur. Bu ehtimal daha inandırıcıdır ki, ABŞ xüsusi xidmət orqanlarının, kəşfiyyatının belə bir planın hazırlanmasından xəbəri olub”.

Ekspertin fikrincə, ABŞ bu çevrilişin arxasında olsaydı, cəhd baş tuta bilərdi: "ABŞ bu hadisələrdən xəbərdar ola bilər. Ancaq bunun dərininə getməyərək hadisələri axarına buraxıb. Çünki faktiki olaraq  Ərdoğanın siyasətinə ABŞ-da simpatiya yoxdur. Ona görə deyirəm ki, əgər ABŞ bu çevrilişin arxasında dursaydı, hərbi qiyam baş tuta bilərdi. Çünki mümkün deyil ki, ABŞ Türkiyədə belə bir boşluqlu plan hazırlasın. Bu məsələnin ”Wikileaks"də və "Stratfor”da başqa məqamlarının da gündəmə gəlməsi gözlənilir. Bu hadisələr Rusiya təyyarəsinin vurulmasından sonra baş verdi. Davudoğlunun istefası sıradan bir hadisə deyildi. Ərdoğanın sonradan Rusiyaya  münasibəti, məktub yazması da dolayısı yolla bu işlə bağlıdır. Ona görə də bəzi informasiyaların da dəqiqləşməsini gözləmək lazımdır". 

Sivilizasiyalar və Konfliktlər Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də F.Gülənin belə bir çevrilişə təkbaşına cəhd edəcəyinə inanmır. Onun fikrincə, Türkiyə hökuməti bu işdə Gülənin tərəfdarının kim olduğunu bilir: "Ötən əsrin ikinci yarısında istər Camal Gürsel, istərsə də Kənan Evrən tərəfindən baş verən hərbi çevrilişlərin arxasında ABŞ-ın durması sirr deyil. Ümumiyyətlə, Türkiyə generaliteti, ordusu NATO- ya daxil olduqdan sonra ABŞ hərbi istibleşmenti ilə sıx əlaqədədir. Və bu münasibətlərin tarixçəsi artıq yarım əsrdən çoxdur. Son hərbi çevriliş cəhdində Türkiyə hökuməti rəsmən müttəfiqi ABŞ-ı bu məsələdə günahlandırmır. Ən azı hələlik günahlandırmır. Türkiyə ABŞ-dan prezident və baş nazir səviyyəsində Fətullah Gülənin ekstradisiyasını istəyir. Amerikalılar isə əvəzində Gülənin hərbi çevrilişdə əli olduğunun sübutlarını Türkiyədən istəyirlər. Müttəfiqlər indiyə qədər bir-birilərinə günahkar bildikləri şəxsləri təhvil veriblər. Və Türkiyə tərəfi də məhz bunu vurğulayır. Proseslərin maraqlı tərəfi budur ki, NATO tarixində bu ilk dəfədir ki, müttəfiq müttəfiqə günahkar tərəfi verməkdən imtina edir və sübut tələb edir. 

Bu da istər-istəməz ABŞ-ın qiyamda əli olduğuna şübhələr yaradır. Üstəlik, nəzərə alsaq ki, son vaxtlar Türkiyənin Qərb tərəfdaşları ilə münasibətləri soyuqdur. Görün vəziyyət nə yerə çatıb ki, uğursuz qiyamdan sonra Amerika Türkiyəni NATO-dan xaric etmək mesajları verməyə başlayıb. Açığı, Türkiyə kimi dövlətdə bir ruhaninin hərbi çevriliş etmək gücündə olması inandırıcı deyil. Əgər Gülənin əli varsa belə, o, bu işdə tək deyil. Yəqin ki, Türkiyə iqtidarının da bundan xəbəri var. Amma indiki halda bu məsələdə Türkiyə Amerika ilə açıq-aydın konfrontasiyaya gedib, Ağ Evi qiyama dəstəkdə günahlandırmayacaq. Bu da hazırda Türkiyə üçün anlaşılan addımdır. Lakin Amerikanın Pensilvaniyadakı zatı Türkiyəyə təhvil verəcəyi də inandırıcı görünmür”.
 
MediaFax