"The Telegraph" NBC News şəbəkəsinin yaydığı məlumata əsasən yazır ki, Rusiya prezidenti Vladimir Putin Hillari Klintondan "qısas" alınması məqsədilə ABŞ seçkisinə haker müdaxiləsinin "müəyyən elementlərinə" şəxsən başçılıq edib.
ABŞ kəşfiyyat orqanları deyirlər ki, onlarda demokratlardan oğurlanmış materialların necə sızdırılması barədə sərəncamın Rusiya prezidentindən gəlməsinə dair "yüksək səviyyəli əminlik" var.
Kəşfiyyat rəsmiləri bildirirlər ki, onların ixtiyarında olan inandırıcı dəlillərə görə cənab Putin haker müdaxiləsində işin içində olub və bu əməliyyat Kremldəki ən yüksək vəzifəli liderlərin sərəncamı olmadan həyata keçirilə bilməzdi.
ABŞ xüsusi xidmətlərinin rəsmilərindən biri deyib ki, bu əməliyyatda cənab Putinin iki məqsədi olub: xanım Klintondan "qisas" alınması və ABŞ-ın siyasi sisteminə onun müttəfiqləri arasında olan etimadın sarsıdılması.
NBC agentliyinə məlumat verən mənbə deyib ki, cənab Putin ABŞ-ın daha qlobal lider olmadığı barədə fikir yaratmaqla onun müttəfiqləri arasına nifaq salmağa çalışıb.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri bildirmişdilər ki, onların təhlilinə görə Rusiya ABŞ seçkisinə Trampa qələbə qazandırmaq məqsədilə müdaxilə edib.
Cənab Tramp bu məsələdə ABŞ-ın bütün 17 xüsusi xidmətinin eyni qənaətdə olmasına baxmayaraq Rusiyanın seçkiyə müdaxiləsi barədə iddiaları "axmaqlıq" adlandırıb.
"The Telegraph" yazır ki, Trampın Rusiyanı belə cidd-cəhdlə müdafiə etməsi həm respublikaçı, həm də demokrat rəsmilərin əndişəsinə səbəb olub.
Belə əndişələri artıran faktorlardan biri də Trampn dövlət katibi vəzifəsinə Vladimir Putindən şəxsən orden almış ExxonMobil rəbəri Reks Tillerson-u təyin etməsi olub./BBC/
MediaFax