ABŞ-ın bu addımı cavabsız qalmayacaq - İran

Tehran ABŞ prezidenti Donald Trampın İran və digər müsəlman ölkələrin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni cavab tədbirləri ilə cavab verəcək.    
 
Bu barədə İran XİN-in bəyanatında bildirilir.  
 
"Hökumət, böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə, Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə tədqiq etdikdən sonra konsul, hüquqi və siyasi səviyyədə  müvafiq addımlar atacaq”, - deyə bəyanatda qeyd olunur.   
 
"Bu təhqiredici məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün simmetrik  addımlar atacaq”, - deyə bəyanatda bildirilir.   
 
"Hökumət Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün İslam dünyası üçün açıq təhqirdir”, - deyə XİN məlumatında qeyd olunub.    
 
Qeyd edək ki,  Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün müddətinə dayandırılıb. Bundan başqa, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb./APA/

MediaFax