ABŞ-da seçkilər saxtalaşdırılıb - Şok iddia

Məğlub namizəd qalib prezidentdən 2 milyondan artıq səs toplayıb

ABŞ-ın bir sıra kompüter sahəsi ilə məşğul olan alimləri Hillari Klintonun seçki qərargahına müraciət ediblər.

Bu ekspertlər xüsusi sorğu ilə Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında səslərin yenidən sayılmasının zəruri olduğunu bəyan ediblər.
 
CNN-in verdiyi məlumata görə kompüter ekspertləri hər üç ştatda səslərin saxtalaşdırıla biləcəyi və ya nəticələrin  hakerlər tərəfindən qırılaraq dəyişdirildiyinə dair qüvvətli ehtimallar irəli sürüblər.

Onlar bu barədə Klintonun yaxın köməkçilərini keçən cümə axşamı xəbərdarlıq etdiklərini də söyləyiblər.

Aralarında Miçiqan Universitetinin kompüter təhlükəsizliyi və cəmiyyət mərkəzinin direktoru C. Aleks Haldermanın olduğu alimlər qrupu Hillari Klintonun elektron səsvermənin olduğu məntəqələrdə, adi bülleten və ya optik skaner vasitəsilə həyata keçirilən yerlərdən daha pis nəticələr göstərdiyinə diqqət çəkərək, bunun olduqca şübhəli tendensiya olduğunu dilə gətiriblər.

Alimlər Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podesta və baş müşavir Mark Eliasa verdikləri məlumatda xanım Klintonun elektron maşınlar vasitəsilə keçirilən səsvermə qutularında (bu maşınlar seçki qutularını əvəz edir-red.) rəqibinə nisbətən 7% az səs aldığını bildiriblər. 

Onlar həmin maşınlardakı səsvermənin nəticələrinin sındırılıb dəyişdirilə biləcəyi ehtimalını irəli sürüblər.

Buna rəğmən həmin alimlər ümumi tendensiyadan əlavə, seçkilərin saxtalaşdırıldığı barədə əllərində başqa sübut olmadıqlarını etiraf ediblər.

Buna baxmayaraq, onlar nəticələrin yenidən müstəqil bir qurum tərəfindən auditinin aparılmasının gərəkdiyini bildiriblər.

Nə Haldermanın, nə də bu işlə məşğul olan hüquqşünas Con Bonifazın çağırışlarına heç bir cavab verilməyib.

Hillari Klintonun seçki qərargahı da bununla bağlı verilən suallar qarşısında hələlik susmağa üstünlük verir.

Onların bu müraciətləri isə ilk dəfə Nyu York jurnalında yayımlanıb.

Xatırladaq ki, seçkilərdən qabaq həm Hillari Klintonun özü, həm də onun seçki qərargahı xüsusilə elektron səsvermə maşınlarda nəticələrin saxtalaşdırıla biləcəyi ehtimalını dəfələrlə dilə gətiriblər. 

H. Klinton açıq şəkildə, hər yerdə bu işdə Rusiyanın xüsusi xidmət orqanlarına aid hakerlərin əli olduğunu söyləyirdi.

Lakin ABŞ-ın kiber təhlükəsizliyi ilə məşğul olan dövlət orqanlarının nümayəndələri və bir çox ekspertlər bunun qeyri-mümkün olduğunu qeyd ediblər.

Adları çəkilən ştatlara gəlincə, həm Miçiqan, həm Pensilvaniya, həm də Viskonsində Donald Tramp olduqca cüzi fərqlə qalib gəlib.

Pensilvaniyada Donald Trampla Hillari Klinton arasındakı səs fərqi 1,2% (48,8%- 47,6%), Viskonsində 1% (47,9%-46,9%), Miçiqanda isə cəmi 0,3% (47,6%-47,3%) təşkil edib.

ABŞ- seçki sisteminə görə prezidenti birbaşa əhali deyil, onların səsləri ilə təyin olunan xüsusi seçicilər seçirlər. Qalib namizəd ştat üçün müəyyən olunan seçici blokunun hamısını alır.

Yeri gəlmişkən, D.Tramp seçki kollegiyasındakı lazım olan üstünlüyü təmin etməsinə rəğmən ümumi səsvermədə Hillari Klinton əminliklə liderlik edir.

Belə ki, iki namizəd arasındakı səs fərqi artıq 2 milyonu ötüb.

Son bülletenlərin sayılmasından sonra Hillari Klintonun 64,223,958, Donald Trampın isə 62,206,395 səs topladığı məlum olub.

Maraqlıdır ki, ayrı-ayrı ştatlarda sadəcə bir neçə min səs fərqi  ilə həmin ştatların bütün seçicilərinin səslərini qazanan namizəd prezident kürsüsünə yiyələnir, ümumi səsvermədə öz rəqibindən 2 milyondan çox səs toplayan namizəd isə məğlub hesab edilir.
Özü də bu cür hadisə həmişə demokratların başına gəlib.

Xatırladaq ki, 2000-ci il seçkilərində də Demokrat partiyasının namizədi Albert Qor 50999897 (ümumi seçicilərin 48,4%),  rəqibi Buş isə  50,456,002 (ümumi seçicilərin 47,9%) səs toplamışdı.  Lakin Al Qor ümumi səsvermədə rəqibindən tam 500 mindən çox səs toplasa da,  Floridada olduqca şübhəli şəkildə qalib elan edilən (cəmi 537  səs üstünlüyü ilə!) Buşa məhz seçicilərin sayına görə uduzmuşdu.  (Corc Buş 271, Albert Qor isə 266 seçici qazanmışdı)

Bu səbəbdən ABŞ-da, xüsusilə Demokrat partiyasının düşərgəsində indiki seçki sisteminə qarşı etirazlar qalxmaqda davam edir. 

Bu yaxınlarda  ABŞ Senatının Demokrat partiyasından Kaliforniya ştatından seçilən üzvü Barbara Bokser Seçicilər kollegiyasının ləğv edilməsi ilə bağlı konstitusiya dəyişikliyi haqqında qanun layihəsini Senata təqdim edib.

Lakin demokrat senatorun bu arzusuna çata biləcəyi demək olar ki, mümkün görünmür. Çünki ABŞ-da Konstitusiyanın dəyişdirilməsi proseduru olduqca mürəkkəb və uzun müddət tələb edən məsələdir./musavat.com/

MediaFax