Fevralın 1-də Daxili İşlər Nazirliyindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərdəkan sakini Hüseynov Təvəkkül Mədət oğlunun ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq ETSN-yə təhvil vermək istəməsi barədə məlumat daxil olub.
ETSN-nin mətbuat xidmətindən bildirilib ki, məlumat əsasında Nazirliyin əməkdaşları dərhal həmin şəxsin evinə gedərək 8 baş ceyranı təhvil alıb.
Ceyranlar Şirvan Milli Parkına göndərilib və parkda onların bir neçə gün volyerdə saxlanılaraq adaptasiya dövrü keçməsi, həkim müayinəsinə cəlb olunması təşkil edilib. Ceyranların yalnız bu prosedurlardan sonra vəhşi təbiətə buraxılması məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Mərdəkan qəsəbə sakini T. Hüseynov 2007-ci ildə ona hədiyyə olunmuş 2 baş üç aylıq ceyran balalarına həyətyanı sahəsində qulluq edib, 10 il ərzində təbii yolla çoxalmasına nail olub.
Hazırda Şirvan Milli Parkında adaptasiya keçən ceyranların tarixən yaşadığı areallardan olan Ağgöl Milli Parkının ərazisinə buraxılması həyata keçiriləcək.
ETSN vətəndaşlardan vəhşi heyvanların qanunsuz saxlanılması ilə bağlı faktlarla rastlaşdıqda onların vəhşi təbiətə buraxılması üçün Nazirliyin 168 nömrəli qaynar xəttinə müraciət etmələrini xahiş edir./APA/
MediaFax