Cəlilabadın Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində maraqlı tarixi tapıntı aşkar edilib.
Qazıntı zamanı buradan yaşı 6 min il olan maral buynuzları üzə çıxıb.
Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundov bildirib ki, maral sümüklərinin tapılması bu ərazinin təbiətinin o dövr üçün zəngin olduğunu deməyə əsas verir.
Burada yaşayan qədim insanlar maralı ovlayaraq həm ətindən, həm də sümüklərindən məişətdə geniş yararlanıblar. Buynuzların toxa formasında olması daha bir maraqlı məqamı üzə çıxarıb. Belə ki, qədim insanlar maral buynuzlarını cilalayıb toxa halına salaraq torpaq qazmaq üçün istifadə ediblər.
Ərazidən tapılan digər bir neçə tapıntı isə balıq onurğasından olan üzük və daşdan yonulmuş qadın fiqurlarıdır. Bu fiqurların məbədin yanından tapılması o dövrün insanlarının qadına - anaya sitayiş etdiyini deməyə əsas verir.
Qeyd edək ki, Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi də aşkar olunub. Buradan Neolit dövrünə aid xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb. Toplanmış nümunələr araşdırılmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib./AZƏRTAC/
MediaFax