Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prosesdə təqsirləndirilən şəxslərdən hazırda zamində olan Ağacavad Məmmədovun yenə də iclasa gəlmədiyi bildirilib.
Ağacavad Məmmədovun vəkili Məzahir Şahlarov vəsatətlə çıxış edərək onun ürək çatışmazlığından əziyyət çəkdiyini deyib: "Ağacavad Məmmədov bu xəstəliklə bağlı oktyabrın 10-da xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxanada stansionar müalicə alır. Ağacavad Məmmədov sərbəst gəzə bilmir, ürək xəstəliyindən əziyyət çəkir, şəkərli-diabet xəstəsidir. Onun dəfələrlə məhkəmə proseslərində səhhəti pisləşib. Bununla bağlı məhkəmə təcili tibbi yardım maşını çağırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq səhhəti yaxşılaşmayıb, daha da ağırlaşıb”.
Vəkil müdafiə etdiyi şəxsin barəsində komission məhkəmə-tibbi ekspertizasının təyin edilməsini istəyib.
Hakim vəsatəti baxılmamış saxlayaraq bildirib ki, Ağacavad Məmmədovun hansı xəstəlikdən əziyyət çəkməsi barədə rəsmi məlumat verilməyib: "Xəstəxanadan gətirilən sənədin möhürü yoxdur. Onun xəstəliyi ilə bağlı dəqiqləşdirmə aparılandan sonra vəsatət müzakirə ediləcək. Burada mühakimə olunan Qəzənfər Novruzovun vəziyyəti daha ağırdır”.
Hakim təklif edib ki, Ağacavad Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması məsələsi müzakirə edilsin.
Dövlət ittihamçısı Fərid Nağıyev hakimin Ağacavad Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təklifini məhkəmənin mülahizəsinə verdiyini deyib.
Vəkillər və təqsirləndirilən şəxslər hakimin təklifi ilə razı olmadıqlarını deyiblər.
Qəzənfər Kərimovun vəkili Nüşabə Ağayeva bildirib ki, mühakimə olunan şəxsin barəsində həbs qərarının çıxarılması düzgün deyil: "Ağacavad Məmmədovun vəkilinə vaxt verilməlidir ki, müdafiə etdiyi şəxsin xəstəliyi ilə bağlı məhkəməyə möhürlü sənəd təqdim edə bilsin".
Digər vəkillər də həbs qərarının çıxarılması ilə bağlı hakimin təklifinin əleyhinə çıxış ediblər.
Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, A. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməyib.
Proses oktyabrın 24-də davam edəcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
MediaFax