13-cü sammit başlayıb - Əliyev də ordadır

Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammiti keçirilib.
 
Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edib.
 
Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdiriblər.
 
Sammit "Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.
 
İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısını Azərbaycan prezidenti İlham Əliyev açıb.
 
Dövlət başçısı yüksək qonaqpərvərliyə və İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin mükəmməl təşkilinə görə Pakistan baş naziri Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib. Respublikamızın 2006-cı və 2012-ci illərdə İslam Əməkdaşlıq Təşkilatının iki sammitinə ev sahibliyi etdiyini deyən prezident İlham Əliyev bu təşkilata üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərə malik olan Azərbaycanın öz tərəfdaşları ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə iqtisadi əlaqələrini gücləndirdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatını mühüm beynəlxalq təşkilat hesab etdiyini, 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi ölkəmizin bu qurumu gücləndirmək, onun dünya iqtisadi əməkdaşlığında iştirakını artırmaq və üzv ölkələr arasında çoxtərəfli tərəfdaşlığı təbliğ etmək üçün əlindən gələni əsirgəmədiyini bildirib.
 
Sonra prezident İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitinin sədri seçildiyini elan edib, ona fəaliyyətində uğurlar arzulayıb.
 
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitindən ötən müddətdə görülən işləri yüksək qiymətləndirərək prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Pakistanın bu quruma sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlarını vurğulayıb.
 
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça da bu quruma Azərbaycanın sədrliyi dövründə səmərəli fəaliyyətinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib, ötən müddətdə görülən işlərlə bağlı hesabat verib.
 
Prezident İlham Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı etimada və dəstəyə əsaslandığını vurğulayıb. Dövlət başçısı bunun əyani nümunəsi kimi, Azərbaycanın ərazisinin 20 faizini işğal edən Ermənistan ilə diplomatik münasibətlər qurmadığına görə Pakistana Azərbaycan xalqı adından bir daha minnətdarlığını çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ağır nəticələrini, işğalçı Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasını konkret faktlar əsasında ətraflı xarakterizə edən prezident İlham Əliyev Pakistanın Xocalı soyqırımını rəsmi şəkildə tanıyan 10-dan çox dövlətdən biri olduğunu deyib. Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini deyən dövlət başçısı respublikamızda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edildiyini bildirib, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə uğurlar arzulayıb.
 
Sammitdə digər çıxış edənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin qarşıda duran məsələlərin həlli üçün səylərini bundan sonra daha da gücləndirmələrinin, iqtisadi əlaqələri möhkəmləndirməyin, qarşılıqlı investisiya yatırımlarının artırılmasının və səmərəli təkliflərin nəzərə alınmasının vacibliyini vurğulayıblar, Pakistana bu təşkilata sədrliyi dövründə uğurlar arzulayıblar./APA/
 

MediaFax