“1 milyon manat və brilyant daşlar tələb etdilər” - “MTN işi”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan əməkdaşlarının iş adamı Mübariz Paşayevi qanunsuz olaraq azadlıqdan məhrum edib, hədə-qorxu tətbiqi ilə ondan külli miqdarda pul aldıqları məlum olub.
 
Zərərçəkmiş şəxs Paşayev Mübariz Qurban oğlu istintaq zamanı ifadələrində göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və "Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib.
 
Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb: "Həmin daşlar 2000 karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580.000 ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada yaşayan zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580.000 ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim.
 
Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq. Dubaydan aldığım brilyant daş-qaşın 300.000 ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim.
 
Təxminən 20 gün keçəndən sonra axşam saat 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə  zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə "biz trasda səni gözləyirik” dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində "zərgərlərin qan içəni” kimi eşitmişdim. Zəngdən sonra qaynım Nəzərov Ramin Şamil oğlu ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli "Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan, özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun «Koroğlu» stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi.
 
MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar. Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları Araz Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər. Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 09-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1.000.000 ( bir milyon)  manat pul və Dubaydan gətirdiyi 580.000 ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı. Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280.000 ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300.000 ABŞ dolları dəyərində brilyantların da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300.000 ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər”.
 
Zərərçəkmiş Mübariz Paşayev bildirib ki, brilyantları Fizuli və Natiq əlindən aldıqları üçün pula ehtiyacı olduğundan sonrakı dövrdə adına olan, Nərimanov rayonu ərazisindəki 4 otaqlı evi 200.000 ABŞ dollarına tanımadığı müştəriyə satıb.
 
Məlumata görə, istintaq orqanına Dövlət Təhlükəsizliyi Xidmətinin göndərilən məktubda mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən qanuni əsas olmadan Fizuli Əliyevin təşəbbüsü ilə Paşayev Mübariz Qurban oğlu barəsində 2010-cu ildə siqnal cinayət işi açılıb, lakin heç bir nəticə əldə olunmadığı üçün 18 dekabr 2010-cu ildə işin icraatı dayandırılıb./APA/

MediaFax