“SOCAR-ın Ukraynada problemi yoxdur”

Bu ilin 12 oktyabr tarixində "haqqin.az" saytında Ukrayna dövlət qurumları barəsində Rauf Kərimlinin müəllifliyi ilə 'Теперь в Украине начались нападки на SOCAR" başlıqlı sərt tənqidi yazı dərc edilmişdi. Yazıda SOCAR-ın fəaliyyətinin Ukrayna dövlət qurumları, xüsusilə də Ukrayna Antiinhisar komitəsi tərəfindən sıxışdırıldığı qeyd olunur.

Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, yazıda iddia olunanlar həqiqəti əks etdirmir. Mənbəmizin iddiasına görə, SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəri Elçin Məmmədov Ukraynadakı Azərbaycan səfirliyinə bildirib ki, saytın verdiyi informasiya həqiqətə uyğun deyil, şirkət heç bir problemlə üzləşmir və Ukrayna dövlət orqanları və təşkilatları ilə, xüsusilə də, Ukrayna Antiinhisar komitəsi ilə münasibətləri hərzamankı kimi normaldır. SOCAR əvvəlki dövrdən fərqli olaraq artıq Ukraynada keçirilən böyük enerji tenderlərində iştirak edir. Təbii ki,  bu zaman digər şirkətlərin üzləşdiyi epizodik, bürokratik əngəllərlə qarşılaşır və bu hallar işçi qaydada həll edilir. Lakin sayt tərəfindən SOCAR-ın Ukrayna nümayəndəliyi ilə bağlı əsassız və qərəzli yazıların verilməsi nümayəndəliyin iş fəaliyyətinə və eləcə də imicinə mənfi təsir edir.  

Son vaxtlar milli mediamızda Ukrayna-Azərbaycan əlaqələrinə kölgə salmağı hədəfə alan yazıların artması da səbəbsiz deyil. Bir çox hallarda bu yazıların arxasında bu və ya digər maraqlı çevrələrin sifarişi, bəzən də şəxsi motivlər yatır. 

Konkret hala gəlincə, bəlli olub ki, haqqın.az saytında getmiş yazının əsl müəllifi Nair Əliyevdir. O, "haqqin.az" saytında yazdığı məqalələrdə "Rauf Kərimli" təxəllüsündən istifadə edir və "Exo" qəzetində baş redaktorun 1-ci müavini vəzifəsində çalışır. Onun anası Ukraynanın Donbas bölgəsindəndir və orada gedən münaqişə zamanı yaxın qohumları itkilərlə üzləşib, bu səbəbdən ukraynalılara qarşı olduqca qərəzli münasibət nümayiş etdirir.

Azərbaycanın bəzi media orqanlarının digər ölkələrdə müşahidə olunan antiukrayna isterikasına qapılması sadəcə təəssüf doğurur. Bu isterika isə göründüyü kimi dövlətlərarası münasibətləri, milli maraqları təhdid edir. Şəxsi motivlər nə olur-olsun, bu, media etikasını və milli maraqları təhlükə altına atmaq hesabına təmin edilməməlidir...


MediaFax