Turistlərin dollar problemi - Ekspert şərhləri

Ekspertlər bildirirlər ki, ölkəyə gələn turistlərin valyuta dəyişməsində limit olmamalıdır, xüsusi qaydalar tətbiq edilməsi vacibdir

Ölkə banklarının xarici valyuta satmaması gələn turistlərlə bağlı da problemlər yaradır. Ölkəyə gələn turistlər gedərkən istifadə etmədikləri manatı banklara geri qaytara bilmirlər. Artıq bununla bağlı sosial şəbəkələrdə faktlar səslənməkdədir. Ekspertlər isə bildirirlər ki, bəzi valyuta siyasəti sərt olan ölkələrdə turistlər üçün xüsusi qaydalar tətbiq edilir. Ölkəyə gələn turist xarici valyutanı bankda çevirərkən aldığı çeki ölkəni tərk edən zaman istənilən banka göstərib istifadə etmədiyi valyutanı yenidən dəyişə bilər.  

Ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, indiki halda turistlər üçün bəzi istisnalar olmalıdır: "Əks halda, ölkəyə heç kəs gəlməyəcək. Artıq bizdə bir neçə faktlar var, xaricilər gəlib Azərbaycanda manat alır, çıxanda əlində qalanı dollara dəyişmək istəyəndə, dəyişə bilmir. Bu, ölkə haqqında pis fikir formalaşdırır. Hər halda, ümid edirəm ki, Azərbaycan Belarusiya kimi, Özbəkistan, Venesuela kimi olmayacaq ki, biz də gedib banklardan dollar ala bilməyək. Ümid edirəm ki, son həftələrdəki vəziyyət çox çəkməyəcək. Əvvəl-axır, ayın sonuna kimi bitəcək, əvvəlki qaydada hər şey sərbəst olacaq. Bu zaman devalvasiyadan qaçmaq mümkün deyil. Buna çalışmaq da lazım deyil. Rusiyadakı kimi bizdə də gərək milli valyutamızın dəyərini bazar müəyyən etsin.

Devalvasiya obyektiv zərurətdirsə, olsun. Zorla saxlayıb, dollar satmrılar, ”qara bazar" fəaliyyət göstərir, turistlər pulu dəyişə bilmir, turistlərdən də qabaq özümüz edə bilmirik. Burada fərq qoymaq lazım deyil əslində. Yəni turistlər pulu dəyişsin, biz yox. Dövlət ilk növbədə öz vətəndaşlarına xidmət etməlidir və dollar da məhdudiyyətsiz dəyişdirilməlidir. Devalvasiya etmək lazımdırsa, olsun. Amma sırf dövlət təhlükəsizliyi nöqteyi-nəzərindən valyuta ehtiyatlarımız azalsa, turistlər üçün xüsusi hal tətbiq edilə bilər. 

Dövlət deyir ki, bu gün 40 milyarda yaxın ehtiyatımız var. Bu ehtiyatı varsa, mən bugünkü məhdudiyyətlərə ehtiyac görmürəm. Amma sabah birdən əgər valyuta ehtiyatlarımız kəskin azalsa, iqtisadi təhlükəsizlik baxımından dollar satmaq mümkün olmasa, yalnız bu halda zərurət görərdim ki, turistlər üçün bu qayda tətbiq edilsin. Əgər ölkəyə girəndə valyuta dəyişiblərsə, çıxanda eyni valyutanı ala bilsinlər. Onlara bizim vətəndaşlara nisbətən üstünlük verilsin. İndiki vəziyyətdə bu ehtiyacı görmürəm, turistlər də, ölkə vətəndaşları da dollar ala bilməlidir". 

Ekspert Elşad Məmmədov isə deyib ki, son günlər dollar və avronun əldə edilməsi ilə bağlı problemlər ardıcıl baş vermiş manatın devalvasiyaları səbəbindən müşahidə olunan turist axınının artımına öz mənfi təsirini göstərməkdədir: "Belə ki, turistlərin əldə etdikləri manatları ölkələrinə dönərkən yenidən dollara və avroya çevirməsi onlar üçün əsl problemə çevrilib. Maliyyə sektorundakı bu çətin vəziyyət ölkənin digər makro və mikro iqtisadi göstəricilərinə etdiyi mənfi təsirlə yanaşı turizmin inkişafında da neqativ fəsadların formalaşmasına səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, bu istiqamətdə yarana bilən problemləri bir neçə  məzmunda qruplaşdırmaq olar: "Dollar və avronun sərbəst satışının qanuni şəkildə kifayət dərəcədə həyata  keçirilməməsi, bu prosesin qara bazara transferi, onsuz da bu sahədə mövcud olan ciddi beynəlxalq rəqabət şəraitində ölkənin rəqabət üstünlüklərinin artmasına xidmət etmir. Həmçinin ölkəyə daxil olan turistlər dolların və avronun əldə olunmasında problemlərin mövcudluğu barədə, sözsüz ki, məlumatlı olduqları üçün ölkəyə gələrkən, maksimum dərəcədə az həcmdə dollar və avronu manata çevirməyə çalışacaqlar. Bu da onların ölkəyə səyahətlərinin milli iqtisadiyyatımız üçün effektini minimuma endirə bilər”.

E.Məmmədov qeyd edib ki, turist axınının son aylarda artımına baxmayaraq, ölkənin bu sahədən əldə etdiyi gəlirlər hələ regional turizm mərkəzlərinə çevrilmiş ölkələrin turizmdən əldə etdiyi gəlirlərdən xeyli azdır: "Yəni beynəlxalq, o cümlədən regional turizm bazarları kifayət qədər formalaşmış bazarlardır. Formalaşmış bazarlara daxil olmaq isə yeni bazarlarda iştirakdan həmişə daha çətin olur. Bu baxımdan, bu formalaşmış  bazarda yeni iştirakçı olan Azərbaycan turizm sektoru üçün öz iştirakına milli valyutasının azad konvertasiya olunmasında olan problemlərlə başlamaq arzuolunmazdır. Ölkədə turizmin inkişafının prioritet istiqamət olması hökumət tərəfindən qəbul edilib. Bu, ilk növbədə bu sahənin ölkəyə valyuta axını baxımından perspektiv və nisbətən qısa müddətdə effekt verə bilən sahə olması ilə izah olunur. 

Belə olan halda, yəni maliyyə sabitliyinin formalaşmasında, ölkədə aparıcı xarici valyutaların, dollar və avronun təklifinin artmasına və beləliklə, maliyyə sabitliyinə xidmət edən  bu sahənin inkişafına mane olmaqla, əslində valyuta satışında mövcud olan hazırkı problemlər dollar  və avronun ölkəyə axınının artımına maneçilik törədərək maliyyə bloku tərəfindən qoyulan əsas məqsədə, manata təzyiqin azalmasına xidmət etmir”./musavat.com/

MediaFax