Tortla tanınan icra başçısının Badamdarda söküntü oyunu

İri tortlar hazırlatdırmaqla "Ginnesin Rekordlar” kitabına düşməyə çalışan Eldar Əziziov atrıq iki ildir ki, bu arzusunu reallaşdırmır. Ötən il Sumqayıtin icra başçısı postunda olarkən ənənəni pozan Eldar Əzizov yəqin ki, bu il də Səbail sakinlərini böyük torta qonaq etməyəcək. Səbəb aydındır.

Maliyyə böhranı kasıbları vurduğu kimi, icra başçısı Eldar Əzizova da təsir edib. Həm də Səbail Sumqayıt və ya Gəncə deyil ki, idarə müdirlərinə undan, pesokdan, yağdan aldırasan…

Üstəlik, Eldar Əzizovla bələdiyyə sədri arasında olan konfliktlər böhranı bir az dərinləşdirib. Satmağa torpaq yox, silməyə büdcə yox…

Həmçinin, Səbail Bakının ən böyük və güçlü məmurlarla əhatələnmiş rayonlarından biridir. Bu rayonda son sözü tək icra başçısı da demir… Odur ki, Eldar Əzizov üçün Səbaili idarə etməkdə çətindir. Rayonda onsuz da son bir neçə ayda vəziyyət ağırlaşıb. Zibil qutularını belə boşaldan yoxdur…

Bizimxeber.az-a daxil olan məlumata görə, Eldar Əzizov Səbailə yeni təyin olunan zaman rayon ərazisini gəzməyə başlayıb və bahalı butikləri görüb. Tapşırıq verib ki, o butiklərin sahibləri ilə görüşmək istəyir. Görüşdə onlara rayondakı abadlıq-quruculuq işlərində yardımlar etməsini dolayısı ilə tələb etmək istəyib. Amma bu butik sahibləri Eldar Əzizova xatırladıblar ki, bura Səbaildi, Sumqayıt deyil. Odur ki, dövlət büdcəsindən ayrılan vəsaiti rayona yonəltsə bu kifayət edər. Lazım olan qədər də onlar öz istəkləri ilə köməklik edəcəklər.

Daha bir maraqlı məqam isə rayonun Badamdar qəsəbəsində aparılan söküntü işləri ilə bağlıdır. Saytımıza daxil olan məlumatlarda qeyd olunur ki, qəsəbədə dağətəyi ərazilərdə olan onlarla villanın sahiblərinin kimliyi müəyyənləşdirilib. Eldar Əzizov konkret olaraq göstəriş verib ki, bu villalara yaxın gedilıməsin. Əslində o villalar kimi, Eldar Əzizovun sökdüyü kasıb komalarının da sənədləri var imiş. Sadəcə Eldar Əzizov o komaları müxtəlif adlar altında sökməklə qismən imkanlı şəxslərə və orta imkanlı villa sahiblərinə gözdağı verib. İndi Badabdarda sökmə əməliyyatları razılıqla aparılır.

Məsələn, ərazidə elə hasarlanmış həyətyanı sahələr var ki, divarları bir balaca uçurulub, sonra saxlanılıb. Onun digər yanındakı evlər və ya içərisində tikili olan binalar sökülüb. Buradan da belə aydın olur ki, deyəsən bəzi villaların sahibləri söküntü işləri sırasında ortaya çıxmağa cürət tapıb, sənədləri qaydasına saldıqdan (?) Onlar sənədlərini necə qaydaya salıblar Eldar Əzizov?) sonra buldozerlərin yolunu çəpər qonşusuna sarı döndərə biliblər.

Daha bir fakt. Bir ay əvvəl Badamdar qəsəbəsində yerləşən Göyüş Qarayev, 3 binasının sakinləri mətbuata şikayət məktubu ünvanlamışdılar. Sakinlərin bildirirdilər ki, binanın zirzəmisində qazıntı və söküntü işləri aparılır. Sakinlərin bildirdiyinə görə tanımadıqları şəxslər binanın zirzəmisini obyektə çevirmək məqsədi ilə söküntü-qazıntı işləri həyata keçirir. Hətta onlar binanın divarını dağıdaraq obyekt üçün qapı belə düzəldiblər. Sakinlərin sözlərinə görə binanın zirzəmisində işləyən şəxslər orada olan arakəsmələri belə söküblər. Bu da binanın dayanıqlığına ciddi problem yaradıb. O zaman sakinlərin verdiyi məlumatda qeyd olunur ki, binadakı bu qanunsuz işlər Səbail Rayonu İcra Hakimiyyətinin razılığı ilə həyata keçirilir. Belə ki, zirzəmidə işləyən şəxslər sakinlərə bildiriblər ki, onlar bu işi özbaşına etmirlər, bunun üçün Səbail Rayonu İcra Hakimiyyətinin razılığını alıblar… amma çifayda, məlumata görə, artıq binanın zirzəmisi istifadəyə verilib.
Yaxın günlərdə ərazidən çəkilmiş fotolar və geniş reportajı oxuya biləcəksiniz…

MediaFax