Tikinti materialları istehsalında geriləmə...

Azərbaycanda 2016-cı ildə tikinti sektorundakı ciddi geriləmə özünü tikinti materiallarının istehsalında da göstərib.

Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən ötən il bu sektorda ciddi tənəzzül yaşanıb.

Belə ki, tikinti materiallarının istehsalı 2015-ci ilə nisbətən 1.6 faiz aşağı düşərək cəmi 347 milyon manata yaxın olub. Bu, son illərdə sektorda baş verən ən ciddi geriləmədir. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə tikinti materiallarının istehsal həcmi 2014-cü ilə nisbətən 6.3 faiz artaraq 433 milyon manat təşkil etmişdi.

Ötən il isə ən ciddi geriləmələrdən biri sement istehsalında yaşanıb. Komitə bildirir ki, ötən il ölkədə sement istehsalı 14.8 faiz azalıb və cəmi 2 milyon 309 min ton təşkil edib. İnşaat gipsinin istehsalı isə daha çox-25.1 faiz azalıb, cəmi 147 min ton təşkil edib. Tikinti bloklarlnın, sementdən kərpiclərin, süni daşların və ya betonların istehsalında azalma 37.3 faiz olub. Asfalt istehsalı 25 faizə qədər azalıb.



Bundan əlavə tikinti kərpici istehsalı 22.5 faizə qədər azalıb və 205 min kubmetrə enib, hazır beton qarışığı istehsalında azalma 57 faizdən çox olub. Emal edilmiş mərmər, alebastr və ondan hazırlanan məmulatların istehsalında isə 36 faizə yaxın azalma baş verib.

Aydındır ki, tikinti materiallarının istehsalında müşahidə olunan bu ciddi geriləmə ölkədə tikinti sektorunda yaşanan ümumi tənəzzüllə bağlıdır. Əgər tikinti materiallarına tələbat azalıbsa deməli istehsalın aşağı düşməsi də qaçılmazdır. Bu isə tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrdə iş yerlərinin ixtisarı, bir çox müəssisələrin-məsələn orta ölçülü beton zavodlarının, kərpic sexlərinin və digərlərinin bağlanması deməkdir.



Tikinti materiallarının istehsalında tənəzzülü ölkənin iri sement istehsalçılarının bu günlərdə açıqlanan maliyyə hesabatları da təsdiq edirdi. Məlum olmuşdu ki, Azərbaycanın iri sement şirkətləri olan "Norm” və "Holcim” şirkətləri ağır durumdadır. Maliyyə hesabatlarına görə, manatın dəyərsizləşməsi təkcə iki zavoda 133,7 milyon manta ziyan vurub. Bu, onların ümumi satış dövriyyəsinin 72 faizi qədərdir.

İllik istehsal gücü 2 milyon ton olan «Norm» MMC devalvasiya nəticəsində 45 milyon manat zərərə düşüb. Onun bazardakı ən ciddi rəqibi - «Holcim (Azərbaycan)» ASC isə manatın devalvasiyasından ilboyu 89,7 milyon manat itirib. Şirkətlərin toplam zərəri 128 milyon manat olub. Digər tərəfdə sement satışının kəskin azalması müəssisələrin maliyyə göstəricilərinə mənfi təsir edib. Özü də maraqlı budur ki, ötən iki ildə sementin satış qiymətində heç bir artım baş verməyib, əksinə, qiymət 17 faiz aşağı enib.



Hökumət ölkədəki iqtisadi böhranın daha çox inşaat bölməsinə təsir göstərdiyini təsdiq edir. Hökumət bildirir ki, gələn ildən iqtisadi tənəzzülün qarşısını almaqdan ötrü tikinti sektorunun inkişafını daha çox dəstəkləyəcək. Söhbət sosial evlərin, Bakıda qəzalı yaşayış binalarının yerində yeni çoxmərtəbəli binaların tikintisindən gedir. Güman edilir ki, bu yolla tikinti materiallarına tələbatı artırmaq mümkün olacaq./virtualaz.org/

MediaFax