Tələbə yataqxanaları bizdə necədir, xaricdə necə? - Fotolar

Xaricdə beşulduzlu hoteli xatırladan yataqxanalar və Azərbaycandakı boz rəngli divarlar

Yeni tədris ilinin başlanması bu il ali məktəbə qəbul olan tələbələri də  yaşayış yeri tapmaq problemi ilə üzləşdirib. Çünki ali məktəblərin yataqxanası yoxdur. Yataqxanası olan az sayda universitetlər var ki, ora bütün tələbələrin yerləşdirilməsi mümkün deyil. Kirayə evlərin qiyməti də baha olduğu üçün tələbələr çarəsiz vəziyyətdə qalıb.

Ümumiyyətlə, Azərbaycanda tələbə yataqxanası deyəndə gözünüzün önünə boz rəngli divarlar, rütubətli hava, sınıq-sökük mebel və çirkli pəncərələr gəlir. Bu yataqxanaların idman zalı, kitabxanası, oyun zalı və geniş həyəti, bir sözlə, tələbənin yaxşı yaşayışını, oxumasını, istirahətini təmin edəcək heç bir şəraiti yoxdur. Azərbaycanda tələbələrin əksəriyyəti tələbəçiliklərinin dadını çıxara bilmir, onların günü daha çox gündəlik məişət problemlərini düşünməklə keçir. 

Sovet dövründə universitetlərin yataqxanaları tələbələrin əksəriyyətini qəbul etməyə hazır idisə, sonradan məcburi köçkün problemi bu məsələdə vəziyyəti dəyişdirdi. Çünki yataqxanaların çoxunda qaçqınlar məskunlaşdı. Digər yataqxanalar isə yararsız vəziyyətdə olduğundan tələbələrin burada qalması mümkünsüzdür. Universitetlərin şəhərin mərkəzindən kənara köçürüləcəyi, yataqxanalar tikiləcəyi deyilsə də, hələ ki reallaşan bir durum yoxdur. Azərbaycandan fərqli olaraq digər ölkələrdə tələbə yataqxanalarındakı şərait bəs edir ki, tələbələr heç yerə gedib pul xərcləmədən orada dərs oxuya, dincələ bilsinlər. Həm gözəlliyi, həm də rahatlığı ilə seçilən bir neçə yataqxana barədə internet üzərindən kiçik bir araşdırma apardıq. 

Məlum oldu ki, dünyanın ən möhtəşəm tələbə yataqxanalarından biri Danimarkada yerləşir. Kopenhagen yaxınlığında yerləşən bu yataqxana 2006-cı ildə tikilib. 7 mərtəbədən ibarət olan yataqxananın 360 otağı var. Yataqxanada bir nəfərlik otaqlar 26-33 kvadrat metr, 2 nəfərlik otaqlar 45 kvadrat metrdir. Bütün otaqlarda yerdən istilik və ayaqyolu, hamam mövcuddur. Hər 30 otağa 1 mətbəx verilib. Ümumilikdə yataqxananın 12 ortaq istifadəli mətbəxi var. Hər mətbəxdə 4 soyuducu, 2 plitə və qida hazırlanması üçün lazım olan hər bir avadanlıq mövcuddur. Həmçinin yataqxananın geniş həyəti, kitabxana və kompüter otağı da mövcuddur.

Fransanın Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) yataqxanasını da ən yaxşı tələbə yataqxanası kimi nümunə göstərmək olar. Bu yataqxananın öz bağı, hovuzu, hətta kiçik açıq hava kinoteatrı belə var. Buradakı möhtəşəm mənzərəni də unutmayaq. Bu yataqxanada qalan tələbələr asanlıqla uğur qazanırlar. Əsası 1978-ci ildə qoyulan kollec dünyanın ən yaxşı stilistlərini yetişdirir. Ən möhtəşəm yataqxanalardan biri də qardaş Türkiyədə, İstanbulda yerləşən Atatürk tələbə kampusudur.  Bu kampusun 90 min kvadrat metr sahəsi var. Kampusda yataqxana, kitabxana, camaşırxana, istirahət sahəsi və Şərq üslubunda hazırlanan məkanlar var. Kampusda inzibati bina, ictimai xidmət binası, kafe, idman zalı və kitabxana var. Beş ulduzlu hoteli xatırladan bu yataqxanalara tələbələr yalnız kart sistemi ilə daxil ola bilirlər. Tək və üç nəfərlik otağı olan yataqxana otaqlarının hər birində tualet, hamam, kiçik soyuducu, yazı stolu və geyim dolabı var. Tələbələr üçün həmçinin ortaq çalışma otaqları, televiziya izləmək üçün otaqlar var. Yataqxana 5 blokdan ibarətdir. Hər blokda isə 711 tələbə qala bilir. 1000 nəfərlik yeməkxana, 600 nəfərlik konfrans salonu, 270 nəfərlik idman zalı var.

"XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev ali məktəblər şəhər kənarına köçürülsə, yataqxanaların da formalaşa biləcəyini dedi: "Yüksək reytinqə malik olan universitetlərin həm də böyük kampusları olur. Kampuslar universitetlərin tərkib hissəsi kimi çox böyük önəm kəsb edir. Şübhəsiz ki, həmin kampuslara tələbə yataqxanaları da daxil edilir. Sovet dönəmində demək olar ki, bütün ali məktəblərin yataqxanaları var idi. Bu yataqxanalar tələbələrin sosiallaşması üçün çox böyük önəm kəsb edirdi. Yataqxanaların həyətində idman meydançaları, kitabxanalar var idi. Əyalətdən gələn tələbələrin çox böyük kəsimi həmin yataqxanalarda yerləşirdi. Bu həm də daha yaxşı oxumaq üçün şərait yaradırdı. Ancaq sovetlər dağıldıqda sonra təhsil müəssisələrinin yataqxanalarının böyük bir qismi demək olar ki, təmir olunmadı, sıradan çıxdı. Böyük bir qismi isə bizdən asılı olmayaraq müharibə nəticəsində qaçqınlar tərəfindən zəbt olundu. O zaman başqa çıxış yolumuz da yox idi. Böyük qaçqın kütləsi gəlirdi və onlar tələbə yataqxanalarında yerləşdirildi. Ancaq buna baxmayaraq, ali məktəblər yataqxanalarının olmasında maraqlı olmalıdır. Ali məktəblərdə demək olar ki, ödənişli təhsil böyük faiz təşkil edir. Onun hesabına indiyə qədər kiçik də olsa tələbə yataqxanaları inşa etmək olardı. Onsuz da tələbə təqaüdlərinin böyük məbləğdə olmaması tələbələrin böyük bir kəsiminin kirayənişin yaşamasında onların əziyyət çəkməsinə səbəb olur. Yəni verilən təqaüd kirayə pulunu verməyə yetmir. Buna görə də yataqxanaların olması olduqca vacib məsələdir. Düşünürəm ki, tələbə yataqxanalarının inşa edilməsi mütləqdir”. 

E. Əliyev yataqxana probleminin xarici tələbələrin sayına da təsir etdiyini dedi: "Yataqxanaların olmaması xaricdən Azərbaycana oxumağa gələn tələbələrin sayına da təsir edir. Məsələn, sovet dönəmində Neft Akademiyasının, BDU-nun xarici tələbə yataqxanası anlayışları var idi. Azərbaycana oxumağa gəlmək istəyən xarici vətəndaşları bəlkə də ilk növbədə onların yaşayış şəraiti maraqlandırır. Şübhəsiz ki, bu da indi Azərbaycanın ali məktəblərinə oxumağa gələn xarici tələbələrin sayını xeyli aşağı salıb. Bundan başqa, əsas məqamlardan biri də universitetlərin şəhər mərkəzlərindən köçürülməsi məsələsidir. Ali məktəblər şəhər kənarına köçürülsə, kampus da, yataqxanalar da formalaşa bilər. Şəhərin mərkəzində bu cür şəraitin yaradılması artıq qeyri-mümkün bir hal alıb. Gələcəkdə universitetləri şəhər kənarında yerləşdirmək mümkün olsa, hesab edirəm ki, yataqxana problemini də həll etmək mümkün olacaq”./musavat.com/
 




MediaFax