Taxta-şalbanın qiyməti qalxacaq - Nazirlər Kabineti qərar verdi

Nazirlər Kabineti ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə yenidən baxıb.

Martın 28-də verilən və martın 30-da açıqlanan 113 nömrəli qərara əsasən, 30 gündən sonra bir çox çeşiddə meşə materialı ixracına görə ağır gömrük rüsumları ödəniləcək.

Meşə materialına rüsum tətbiq edilməsi Dövlət Gömrük Komitəsinin (DGK-nın) təşəbbüsüdür. Bu təşəbbüslə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət qurumları razılaşıb. Qərara əsasən, 1 kubmetr meşə materialı ixrac edəndən min ABŞ dolları gömrük rüsumu tutulacaq.

 

Hər meşə materialından söhbət getmir

 

Söhbət bütün növ meşə materialından deyil, 4401, 4403, 4404 və 4407 mal nomenklaturası üzrə təsnifləşdirilənlərdən gedir. Bu, şalban, emal edilməmiş meşə materialı, çəllək oduncağı, 6 mm-dən çox qalınlığı olan meşə materiallarından gedir.

 

DGK-nın illik hesabatlarına görə, 2015-ci ildə Azərbaycandan 611,9 kubmetr, ötən il bundan 3,9 dəfə çox - 2 min 388,2 kubmetr müxtəlif meşə materialı ixrac olunub. İxracatdan daxilolma isə artmaq əvəzinə, 7750,2 min dollardan 706 min dollara enib. Ötən il hökumət inək və qoyun dərisinin ixracına da (1 tona görə 350-500 dollar) rüsum tətbiq edib.



Vacib.İnfo