Tanınmış bəstəkardan “Sovetski” Təklifi

Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr 2013-cü il tarixli 501 saylı sərəncamına müvafiq olaraq Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazisində şəhərin Baş Planına uyğun olaraq indiyə qədər 2400-dən çox mənzil və qeyri-yaşayış sahəsi sökülüb.
 
Söküntü ilə bərabər, yüzlərlə hadisəyə şahidlik etmiş, yüzlərlə xatirə həkk olunmuş daş-divar yerlə-yeksandır. Artıq Bakının köhnə Yasamal məhəlləsi tarixə qovuşmaq üzrədir. Hər nə qədər Bakının iqtisadi inkişafına, yenidənqurma işlərinə yaraşdırılmasa da, Sovetski tariximizdən bir parça olaraq qalacaq...

Yeniyetməliyi, gəncliyi "Sovetski”də keçmiş tanınmış bəstəkar Nailə Mirməmmədli heç olmasa xatirələrin yaşanması üçün orada tablo, abidə ucaldılması tərəfdarıdır:
 
"22 yaşıma qədər mən Tibilisi prospektindəki atam evində yaşamışam. 22 yaşımda isə Hikmətlə ailə qurub ər evinə köçmüşəm. Həmin vaxtdan da "Sovetski”də yaşamışıq. Həyat yoldaşım Hikmətlə bu məhəllədə gözəl günlərimiz olub, xoş xatirələrimiz hələ də yaşayır. Həmin evdə Bəxtiyar Vahabzadə, Zivər Ağayeva, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu, Vüqar Əhməd, Nəriman Həsənzadə kimi tanınmışlar bizim qonaq olublar.

Dediyim odur ki, kiçik evə böyük xatirələr sığdırmışıq. Təbii ki, bu xatirələrin yox olmasını, silinməsini istəmərik. Amma bir tərəfdən də Bakıda bu qədər dəyişiklik edilib, şəhərimiz bu qədər gözəlləşib. O tərəflər isə bu gözəlliyə yaraşmırdı”.
 
Xanım bəstəkar söküntü ilə bağlı susmağa üstünlük versə də, özü də bilmədən xatirələr onu dilləndirir:

"Amma bir tərəfdən də xoşuma gəlir İçərişəhərdə gəzməkdən. O dar küçələr, köhnə evlər xatirədir o illərdən. Həm də Bakının əzəlidir, özülüdür. Qədim Bakını xatırladan çox az şeylər qalıb. Necə ki, Bakının yerli camaatı azalıb, eləcə də əsl Bakını xatırladan yerlər azalıb. Orda nə tikiləcək, nə ucladılacaq, bilmirəm. Amma çox istərdim ki, həmin tikilinin foyesində, qarşısında "Sovetski”dən olan fotolar vurulsun divara. Yaxud Fizuli bağında "Azdrama” var. Hamımız bilirik ki, köhnə Çadrovı, indiki Mirzəağa Əliyev küçəsi məşhur aktyorumuzun adınadır. Heç olmasa orada köhnə "Sovetski”dən tablolar olaydı. Biz əvvəllər həmin küçədə yaşamışıq. Xatirələrin yaşaması gözəldir”./modern.az/

MediaFax