Sözün Əsədi və Əsədin sözü - Tanınmış tənqidçi üçün yubiley yazısı

Əsəd Cahangirin dekabrın 3-də Beyləqanda keçirilən yubileyindən aldığımız təəəssüratla

O gün Beylqəan Mədəniyyət sarayının geniş zalı yüzlərlə ziyalı, dövlət qulluqçusu, şair-yazıçı, məktəblilərlə dolu idi. Hamı qədim Beyləqan torpağının yetirməsi olan görkəmli tənqidçi, şair, publisist, pedaqoq, bir sözlə, mütəfəkkir bir söz adamının, Mücirəddin Beyləqani ocağının yetirməsinin - Əsəd Cahangirin ürəyinin işığına yığışmışdı.

Söz dünyasının adamı olmaq üçün gərək sözün köynəyindən keçəsən və gərək sözü köynəyindən keçirəsən. Sözü özününkləşdirəsən, özünü sözdən keçirəsən. Ə.Cahangir özünü sözün, sözü özünün köynəyindən keçirən qələm sahibidir. Ə.Cahangirin yazıları güzgülü yazılardır. Bu güzgü sözü olduğu kimi göstərir, bu güzgü sözə yol göstərir. Sözün zirvəsində dayanan Ə.Cahangirin özü də bir söz zirvəsidir. Özü sözünü, sözü özünü tamamlayan bu yazıçının gələmindən süzülənlər də əsl söz nümunələridir. Bu nümunələriətrafına işıq saça-saça, bərq vura-vura ucalıqlara uz tutaraq söz qalasına çevrilməkdədir.
Ə.Cahangirin söz süzgəcindən hər söz keçə bilmir. Çünki Əsədin süzgəci hər sözü özündən keçirən süzgəc deyil. Əsəd özü sözün içindədir. Sözün içində olan kəs sözün hər üzünü hamıdan yaxşı görür, sözü hamıdan yaxşı tanıyır. Söz hər adama yalman yatırmaz. Söz hər adama söz deməz, sirr verməz. Amma Əsəd söz meydanında söz atının yalmanına yata-yata söz dağının zirvəsinə qalxmaqdadır. Ömrün 50 ilinini 30 ilini sözlə qurşaq tutan Əsəd Cahangir sözü özünə, özünü sözə tanıdır. Sözün saqqızını "oğurlayıb” onun 40-cı otağının açarlarını ovcunda saxlamağı bacarır. Söz də Əsədi ucaldır. Bu ucalıqdan o yana nəyin var, nəyin yox olduğunu bir kimsə bilmir. Əsədin ustadı Füzulinin dediyi kimi,

Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki bilmək olmaz.

Bu ucalığa gəlib çatanlar sonda özləri söz olurlar. Əsəd də sonda sözə cevrilənlərin yolundadır. Onu bu yoldan saxlamaq, sapdırmaq kiminsə gücü daxilində deyil. Çünki Əsədin arxasında söz durur, söz dayanır. Söz elə bir arxadır ki, onu ram etmək, onu yazmaq olduqca çətin və müskül bir işdir. Söz hər adamla ünsiyyət və ülfət bağlamağa meyilli olmur. Çünki sözün yükü ağır olur. Söz yükünün altına qirmək hər kişinin işi olsa da, onu qaldırmaq, mənzil başına çatdırmaq ər kişinin işidir.

Əsəd Cahangir sözün özüylə öz dilində danışmağı bacarır. Biz söz dağının ətəyində, sən isə söz dağın zirvəsindəsən, Əsəd! Zirvədən o yana söz qalaktikası, söz dünyasıdır, sözün özüdür. Sənin özünün sözə çevrilməyinə, sənin özünün söz olmağına az qalır. Sən sözə çevriləndən, sən özün söz olandan sonra...
Sən özün söz olanacan bizdən sizə salam apar, Əsəd Cahangir.
50 yaşın mübarək!

Asif Cəfərli, 
Ağa Savalan
 








MediaFax