Şəhid Çingiz Qurbanov son mənzilə yola salındı - Yenilənib

10:04 
 
2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilir.

Mərasimdə yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak edir.
 
Xatırladaq ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
 
-----------
14:09 
 
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə izdiham yaşanıb. Şəhidin cənazəsi torpağa tapşırıldıqdan sonra məzarı üstünə əklil və qərənfillər qoyulub.
 
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb./APA/
 


MediaFax