Sakinlər ittiham etdilər, şirkət isə...

Xəbər verdiyimiz kimi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB”  yaşayış massivində yerləşən parkda tikinti aparılması narazılığa səbəb olub.

Sakinlər saytımıza parkın qanunsuz zəbt edildiyini, ağacların kəsildiyini söyləmişdilər. Etiraz olaraq aksiyasına çıxan sakinlərdən Qarabağ əlili olan Rövşən Qafarov özünü yandırmağa da cəhd etmişdi.

Parkdakı ağacları kəsərək tikinti işləri aparmaqda günahlandırılan şirkət  bu deyilənlərə münasibət bildirib. Şirkətin icraçı direktoru Sənan Rəhimov saytımıza müraciətində bildirib ki,  şirkət qanunvericiliyə uyğun fəaliyyətdədir.

"İnşa etdiyimiz binanın sahəsi heç də park ərazisinə düşmür. Parkdakı ağacları kəsən də biz olmamışıq. Bizdən əvvəl park ərazisində avtodayanacaq tikib pul qazanmaq istəyən bir vətəndaşın bu cəhdi hüquq mühafizə orqanları tərəfindən alınıb və o, əməlinə görə cəzalandırılıb. Bu fakt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə gün öncə yaydığı açıqlamada da öz təsdiqini tapıb. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin Hüquq şöbəsinin əməkdaşı Çingiz Nəcəfov bildirib ki, Günəşli qəsəbəsində 275 və 279 saylı orta məktəblərin yaxınlığında yerləşən parkın ərazisindəki ağacların kəsilməsi faktına rast gəlinməyib”, açıqlamada qeyd olunur.

S.Rəhimli bildirib ki, şirkət tikintini başa çatdırdıqdan sonra ətrafda yaşıllaşdırma işləri aparmağı da planlaşdırır. "Tikdiyimiz binanın ərazidə yerləşən 2 məktəb və bir uşaq bağçasının yollarını kəsməsi fikri də həqiqətəuyğun deyil. Bizimlə ən yaxın məktəb arasında xeyli məsafə var və yolun gələcəkdə bizim binanın qarşısından keçməsi nəzərdə tutulur”-şirkət rəhbəri bildirir.

S.Rəhimlinin bildirdiyinə görə, tikintiyə dair bütün qanuni sənədləri var./virtualaz.org/

MediaFax