Qəddafi ilə bağlı yeni sənədlər ortaya çıxdı

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Sənədlərdə Qəddafinin Fransanın sabiq prezidenti Nikola Sarkoziyə 2007-ci il prezident seçkilərində maddi dəstək verdiyi əks olunub.

Qalmaqallı xəbərlər yaymaqla məşhurlaşan "Mediapart” saytı bu barədə Liviyanın keçmiş neft naziri, 2012-ci ildə Avstriyanın paytaxtı Vyanada naməlum şəraitdə öldürülən Şükrü Qanemə aid qeyd dəftərində məlumatlar tapıldığını vurğulayıb.

Sözügedən qeyd dəftəri isə Norveçin bir şirkəti haqqında açılan korrupsiya ittihamı çərçivəsində Qanemin Hollandiyada yaşayan kürəkəninin evində aparılan axtarış zamanı aşkar edilib.

Qeyd dəftərində Qəddafinin Sarkoziyə həmin dövrdə 6.5 milyon dollardan çox yardım etdiyi qeyd olunub.

Xatırladaq ki, Qəddafinin Sarkozinin seçki kampaniyasına yardım etməsi barədə bundan öncə də xəbərlər yayılıb./axar.az/

MediaFax