Qazın qiyməti artacaq - Ekspert danışdı

Azərbaycanda mavi yanacağın qiymətinin artacağı haqqında məlumatlar dolaşır 

Bir müddət öncə su və elektrik enerjisinin də qiymətində artım olub. Kommunal ödənişlərdə qiymət artımı əhalinin narazılığına səbəb olduğu kimi qazın qiymətində gözlənilən artım isə artıq indidən əhali arasında ajiotaj yaradıb. Hökumətin qazın qiymətində artıma getməsinin səbəbi nədir? Ümumiyyətlə, qazın istehsal dəyəri nə qədərdir ki, hökumət qiymət artımına ehtiyac duyur?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda qazın maya dəyəri çox cüzidir.
 
Onun sözlərinə görə, BP istehsal etdiyini səmt qazını SOCAR-a pulsuz verir:

"Azərbaycanda qaz istehsalının maya dəyəri kifayət qədər ucuzdur. BP kimi tanıdığımız Beynəlxalq Əməliyyat Şirkəti neft hasilatı zamanı əldə etdiyi səmt qazını istehsala başladığı gündən bəri Azərbaycana pulsuz verir. Təxminən 3 milyon kubmetr qazı SOCAR pulsuz qəbul edir. Bunu da SOCAR-ın öz istehsal etdiyi qazın maya dəyərilə üst-üstə gəldikdən qiymət çox aşağı düşür. 1 milyon kubmetr qazın maya dəyəri 10-15 dollardan çox deyil. Çünki hələ "Şahdəniz-2” yatağı işlənməyə başlayanda yeni investisyalara ehtiyac olacaq. Amma bu qaz da xarici bazar üçün nəzərdə tutulub. Daxili tələbat üçün SOCAR-ın hasil etdiyi qaz və BP-nin pulsuz verdiy səmt qazı birlikdə çox kiçik bir məbləğ edir. Yəni indi qazın qiymətində artımların olacağı ilə bağlı xəbərlər maya dəyərilə bağlı deyil.

Burada əsas məsələ büdcədə yaranan problemlərdir. Büdcədə yaranan problemləri müəyyən dərəcədə kompensasiya etmək üçün təbii inhisarçıların qiymət artıma getməsilə bağlı hökumətin strateji qərarı var. Çünki bir müddət öncə həm suyun, həm də elektrik enerjisinin qiymətində də artım gördük. İndi də növbəti addım kimi qazın qiymətinin artırılması ilə bağlı məlumatlar dolaşır. Bu büdcədə yaranan problemlərin bir qismini əhalinin hesabına həll etmək cəhdidir”.

Ekspert onu da deyib ki, hökumət yanvarda qazın qiymətini 25 faiz qaldıracaq. N.Cəfərli hesab edir ki, SOCAR əhalinin hesabına rentabelliyi artırmaq istəyir: "Yəqin ki, yanvar ayından sonra qazın qiymətində artım olacaq. Qazın qiymətində 20-25 faiz artım olacağı ehtimal olunur. SOCAR-ın özündə də vəziyyət çox ağırdır, xarici borcları var. SOCAR-ın idarəetməsi kifayət qədər problemlidir. Bu günə qədər rentabelliyi çox aşağıdır. Rentabelliyi müəyyən qədər əhalinin hesabına artırmaq üçün gələn il qazın qiymətində artımın şahidi olacağıq”./cebhe.info/

MediaFax