Qara görə bu əraziləri su basıb - Açıqlama

Son günlər hava şəraitinin kəskin dəyişməsi, güclü qarın və yağışın yağması nəticəsində Zığ sürüşmə sahəsində aktivləşmə olub.

Bunu saytımıza açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, hazırda Bakı və Abşeron yarmadasının sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub: "Daha çox bu aktivlik Zığ sürüşmə sahəsində baş verib. Bu da son günlər əraziyə düşən atmosfer yağıntılarının təsiri ilə bağlıdır. Sürüşmənin göstəriciləri yerdə olan çatların və tikililərin divarlarında olan çatların genişlənməsində özünü göstərir. Bəzi yerlərdə yamacın şaquli kəsilməsinin qalınlığının itməsinə də səbəb olur. Bu da texnogen amillərin təsirindəndir. Yağışlar düşəndə bu proses davam edir. Yəni nisbi aktivləşmə var”.

Rafiq Həsənov bildirib ki, Bakı və Abşeron yarmadasının bir çox ərazilərində subasma halları baş verib: "Subasma Sabunçu rayonun bir neçə qəsəbəsində, Maştağa qəsəbəsində, "Şuşa” şəhərciyi, "Savalan” qəsəbəsi və "Daş karxanası” adlanan ərazilərdə, Həmçinin Binəqədi rayonu ərazisində yerləşən bir neçə küçədəki ərazilərin su ilə basılması müşahidə edilib. Qış və yaz aylarında atmosfer yağıntıların təsirindən istər sürüşmə, istərsə də subasma prosesində aktivlik proqnozlaşdırılır. Qış aylarında yağıntıların olması prosesin dinamikasına mübət təsir edir”.
 
Qurum rəsmisi qeyd edib ki, uçquna meylli ərazilərdə monitorinqlər aparılıb: "Amma hələ ki, yağıntılar uçqunun baş verməsinə səbəb olmayıb. Yəni uçqunun olduğu yerlərdə aktivlik yoxdur”./bakipost.az/

MediaFax