Poroşenkonun fabriki bağlanır

Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsus "Roshen” şirkətinin Rusiyanın Lipetsk şəhərindəki fabriki fəaliyyətini dayandırır.
 
Şirkət siyasi-iqtisadi səbəblərlə istehsal fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Müəssisənin tam dayanması və konservasiyası bu ilin aprelində həyata keçiriləcək.     
 
"2013-cü ildən başlayaraq fabrikin istehsalı üç dəfə azalıb. Səbəb "Rospotrebnadzor”un 2013-cü ildə "Roshen”ə məxsus Ukrayna xammalının idxalını qadağan etməsi, Rusiya kütləvi informasiya vasitələrində aparılan fəal antiukrayna təbliğatı və piştaxtalarda "Roshen” istehsalı olan məhsulların yerləşdirilməsinə qoyulan qadağalardır”, - deyə şirkətdən bildirilib.
 
İstehsalın azalması səbəbindən müəssisədə kütləvi ixtisarlar aparılıb. Qalan 700 işçiyə fabrikin bağlanacağı elan edilib.
 
Qeyd edək ki, 2015-ci ilin aprelində Rusiyada Lipetskdə yerləşən "Roshen” fabrikinə qarşı cinayət işi qaldırılıb. Ukrayna prezidenti Pyotr Poroşenko isə müəssisəni satmaq istədiklərini, lakin buna maneələr yaradıldığını bəyan edib./APA/

MediaFax