“Onun meyiti ekspertizadan keçirilməyib”

"İltihablı ayağının yerinə səhvən sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın ölümünün hansı səbəbdən baş verməsi barədə bizdə məlumat yoxdu. Çünki onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilməyib”.

Bunu birliyin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri buna razı olmayıb.

Xatırladaq ki, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.

Qeyd edək ki, iyul ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi diaqnozu ilə əməliyyata alınmışdı. Lakin həkim-cərrah Valeh Kərimov yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsmişdi. Sonra o biri ayağı da amputasiya edilmişdi. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edilib, əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib./report.az/

MediaFax