Bakıda Azərbaycan-İsrail sənədləri imzalandı - Yenilənib

13:24 
 
İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.
 
Onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.
 
Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.
 
Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.
 
İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.
 
B. Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə "Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
 
Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.
 
X X X
 
"Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.
 
Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. 
 
"Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib  ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı  İsrail ilə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.
 
B. Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.
 
B. Netanyahu Azərbaycandan Qazaxıstana yola düşəcək.
 
--------------
14:33
 
Azərbaycan prezidenti İlham Əliyevin İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub.
 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşılayıblar.
 
Azərbaycan prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu birgə foto çəkdiriblər.
 
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
------------------
16:50 

Azərbaycan prezidenti İlham Əliyevin İsrail baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
 
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
 
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
 
"Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
 
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıblar.
 
X X X 
 
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İsrail baş naziri Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər.
 
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 
 
X X X
 
"İsrail-Azərbaycan əlaqələri birgə yaşayışın bariz nümunəsidir”.
 
Bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib. 
 
B. Netanyahunun fikrincə, iki ölkə arasında sıx əlaqələr təkcə silah ticarəti anlamına gəlməməlidir, bu, həmçinin qarşılıqlı hörmət deməkdir. 
 
"İsrail yəhudi, Azərbaycan isə müsəlman dövlətidir. Burada biz həm müsəlmanların, həm də yəhudilərin birgə çalışmasını, hər iki  ölkə üçün yaxşı gələcək vəd edəcəyini görürük”, - deyə İsrail hökumət başçısı bildirib. 
 
B. Netanyahu həmçinin iki ölkələri arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsini vurğulayıb.