Son məlumat: Şirvandakı partlayışda ölənlər var - YENİLƏNİB

16:39
 
Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: "Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın"./APA/
 
--------
17:06 
 
Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.
 
--------
17:30
 
Şirvanda baş vermiş partlayışda xəsarət alan 12 nəfər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.
 
--------
18:34
 
Şirvanda partlayış nəticəsində xəsarət alan 20 nəfər xəstəxanaya çatdırılıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onlardan 2-i tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada 18 nəfərin müalicəsi davam etdirilir. Yaralananlar əsasən, kişilərdir.
 
--------
20:02
 
Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.
 
--------
22:07

Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb.
 
Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində ”Araz” zavodunun iki  əməkdaşı – Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Əsgər qızı  Nuriyeva dünyasını dəyişib.
 
Cəsədlər Şirvan Mərkəzi Xəstəxanasının morquna gətirilib. 
 
Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib.
 
Hadisə nəticəsində  24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
 
Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.