Mitinqdə saxlanılanlara 8 sutka həbs

Milli Şuranın mitinqindən sonra ictimai asayişi pozmaqda ittiham edilərək saxlanılan şəxslərə inzibati həbs cəzası verilib.
 
Lent.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər - Toğrul İbrahim, Kazım İmanov, Elton Əli, Ruslan Qara, Nuru Nuruzadə, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev, Orxan Carçı, Araz Səməd, Məmməd Baləməmmədov, Şəmistan Şahverdiyev və Dəyanət Əliyev 8 sutka inzibati həbs cəzası alıblar.
 
Nurlan Sarıyev isə 200 manat cərimə olunub.
 
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında bildirilir ki, mitinqdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqa zidd hərəkətlərə yol veriblər.

MediaFax