“Milli Qəhrəman” adı ilə bağlı məsələyə - Münasibət

Azərbaycanda "Milli Qəhrəman” statusu mərhum eks-prezident Əbülfəz Elçibəyin prezidentliyi dövründə verilməyə başlanıb.
 
Sosial şəbəkələrdə yer alan bəzi məlumatlara görə, həmin dövrdə bu fəxri adı alanların heç də hamısı döyüşdə xüsusi şücaət göstərməyib və onlara "Milli Qəhrəman” statusu kimlərinsə vasitəsilə verilib. 

Sosial şəbəkələrdə belə söz-söhbətələrə bəzi keçmiş döyüşçülərin də qoşulduğunu nəzərə alan deyilənlərə münasibət öyrənməyə çalışdıq. 

AXC hakimiyyəti dövründə baş nazir olmuş  Pənah Hüseyn həmin vaxt  pulla "Milli Qəhrəman” statusunun verildiyini xatırlamadığını deyir.

"Elçibəyin dövründə pulla "Milli Qəhrəman” statusunun verildiyini xatırlamıram. O zaman "Milli Qəhrəman” adının verilməsi ilə bağlı qanun qəbul edilmişdi. Həmin qanuna əsasən, bu adın verilməsi ölkə prezidentinin səlahiyyətinə daxil olan bir məsələ idi. Ölkənin ərazi bütövlüyünün qorunmasında  xüsusi xidmətləri olan şəxslərə "Milli Qəhrəman” adı verilirdi. O dövrdə müharibə gedirdi. İlk növbədə də döyüş əməliyyatlarında iştirak etmiş, xüsusi fədakarlıq göstərmiş şəxslərə bu ad verilirdi. AXC hakimiyyəti dövründə "Milli Qəhrəman” adı alanların əksəriyyəti döyüş əməliyyatlarında həlak olmuş şəxslər idi. Bu, həm də çox həssas bir mövzudur. Həmin dövrdə hansısa yolla bu statusu alanlar barədə müxtəlif fikirlər səslənə bilər. Bu, mənəvi məsələdir”. 

Əbülfəz Elçibəyin dövlət başçısı olduğu dönəmdə prezidentin mətbuat katibi işləmiş tanınmış jurnalist Arif Əliyev bu cür müqəddəs bir addan başqa formada istifadə edənlərin olduğuna inanmır.

"Elçibəyin dövründə "Milli Qəhrəman” statusunun verilməsi məsələsinə heç bir aidiyyatım olmayıb. O proseslə bağlı məlumatım da olmayıb. Məni təəccübləndirən odur ki, "Milli Qəhrəman” statusu kimi müqəddəs bir adın özündən də istifadə edərək məsələni bu cür qoyurlarsa, bu formada alver edirlərsə çox ayıb bir işdir. Bu millət əgər "Milli Qəhrəman” adını satırsa, gedib başını qəbirə qoysun. Sadəcə, sözüm odur ki, jurnalistlər də belə məsələlərdə son dərəcə ehtiyatlı olsunlar”./modern.az/

MediaFax