“Metroda şübhəli adam görsən...”

"Bakı metrosunda təhlükəsizlik məsələlərinə həmişə xüsusi önəm verilib və tədbirlər mütəmadi olaraq hər zaman görülür.
 
Xüsusilə də, bu il Türkiyədə ardıcıl törədilən terror aktlarından sonra metroda təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Amma bu mövsümi xarakter daşımır və son zamanlar hər hansı millətdən olan turistlərin, o cümlədən ərəblərin Bakıda sayının çoxalması ilə bağlı deyil".
 


Bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev son günlər guya ölkəyə gələn ərəb turistlərin sayının çoxalmasından sonra metroda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
 
 

Şöbə rəisinin sözlərinə görə, metroda təhlükəsizlik hər zaman vacib məsələlərdən olub və belə də qalır. Belə ki, həm Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları, həm də metropolitenin öz əməkdaşları tərəfindən ciddi nəzarət həyata keçirilir:
 


"Hətta eskalatorlarda tez-tez səsləndirilən anonslara da əlavələr olunub ki, əgər sərnişinlər hər hansı şübhəli bir şeylə rastlaşarlarsa, polislərə və metropolitenin əməkdaşlarına müraciət etsinlər, xəbər versinlər. Təhlükəsizlik tədbirləri zaman keçdikcə dövrün tələbinə uyğunlaşdırılır və gücləndirilir"./milli.az/

MediaFax