Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Təqsirləndirilən şəxsin vəkili Bəhruz Bayramovun verdİyi məlumata görə, onlar məhkəmədən son söz üçün bir həftə vaxt istəyiblər. Məhkəmə vəsatəti qismən təmin edərək onlara 5 saat vaxt verib. Proses günün ikinci yarısı davam etdiriləcək.
Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
X X X
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.
Amma hakim bunu nəzərə almayıb və prosesi qəsdən uzatmaq istəyinin olduğunu deyib.
Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.
Daha sonra prosesdə çıxış üçün R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib və ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib.
Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.
Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R. Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
R. Səfərov məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, prokuror çıxış edərək məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi./APA/
MediaFax