Marketlərdə qiymətlər niyə hər gün artır?- Səbəblər

Ekspertlər bahalaşmanın qarşısıalınmaz prosesə çevrildiyini bildirirlər

Marketlərdə ərzaq və qeyri-ərzaq məhsullarının, siqaretlərin qiyməti hər gün artmaqda davam edir. Bu gün 5 manata aldığımız hər hansı bir məhsulu sabah eyni qiymətə ala bilmirik. Hər bir məhsulun qiymətində hər gün 10-20-30 qəpik artım müşahidə olunur. Son qiymətlərlə tanış olmaq üçün bir neçə marketə baş çəkdik. 

Öncə marketlərdə alıcı qıtlığının olduğunu müşahidə etdik. Satıcılar da alıcılıq qabiliyyətinin aşağı düşdüyünü deyirdilər. Onlar qiymətlərin artmasını dolların bahalaşması ilə əlaqələndirir və bahalaşan məhsulların əksəriyyətinin xaricdən alındığı üçün baha olduğunu deyirdilər. Artım olan məhsullar gündəlik qida rasionumuza daxil olan və tələbatın çox olduğu məhsullardır.  Keçən ayla müqayisə etsək hər bir məhsulun üzərində azı 10-20 faiz artım var. Ümumi qiymətlərə nəzər salaq: un 1 manat 15 qəpik - 2 manat 91 qəpik arasında satılır, makaronların qiyməti isə 75 qəpikdən başlayırdı. Qarabaşaq 1 manat 80 qəpik- 2 manat 79 qəpik, noxud 3 manat 20 qəpik, qarğıdalı dənəsi 2 manat 35 qəpik, lobya 3 manat 15 qəpik, "Mumtaz” düyüsü 4 manat 60 qəpik, "Besta” 2 manat 95 qəpik, şəkər tozu 1 manat 15 qəpikdir. "Final” kəllə qənd 1 manat 55 qəpik, "Azərşəkər” kəllə qənd 1 manat 60 qəpik, kənd yumurtası 18 qəpiyə satılırdı. Yağ, pendir və kolbasaların da qiymətində 1 manat civarında artım vardı. Bundan başqa, salfetlərin qiymətində 5-9 qəpik arası, ayaqqabı mazlarında 30-50 qəpik arası, diş pastalarının qiymətində isə 50 qəpik 1 manat arası artım var. Həmçinin əksər kişilərin vazkeçilməzi olan siqaretlərin də qiymətində yenə artım müşahidə edilir. 



Dünəndən Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən artırılıb. 

Ümumilikdə siqaretlərin qiymətində 25-30 faiz artım müşahidə olunur. 

"Report” siqaretlərin yeni və əvvəlki qiymətlərini əks etdirən siyahını təqdim edib: 

- LD (nazik qutu) - 2.80 AZN  (əvvəlki satış qiyməti - 2.60 AZN)
- LD (qalın qutu) -  2.50 AZN (2.30 AZN)
- LD (göy qutu) - 2 AZN (1.70 AZN)
- LD (ağ qutu) - 1.80 AZN (1.60 AZN)
- Winchester (compact) - 1.70 AZN (1.50 AZN)
- Winchester (qalın qutu) - 1.60 AZN (1.40 AZN)
- Winston - 3 AZN (3 AZN)
- West (qalın qutu) - 1.70 AZN (1.50 AZN)
- West (compact) - 2 AZN (1.70 AZN)
- West (nazik qutu) - 2.90 AZN (2.60 AZN)
- Sobranie - 3.70 AZN (3.30 AZN)
- Kent (qalın) 3.30 AZN (3 AZN)
- Kent (nazik ) - 3.30 AZN (3 AZN)
- More - 1.40 AZN (1.20 AZN)
- Yava - 1.40 AZN (1.20 AZN)
- Viceroy (compact) - 1.70 AZN (1.50 AZN)
- Viceroy (nazik qutu) - 2.50 AZN (2.30 AZN)
- Rothmans (compact) - 2.50 AZN (2.30 AZN)
- Rothmans (nazik qutu) - 2.80 AZN (2.60 AZN)
- Classic (compact) - 1.70 AZN (1.50 AZN)
- Classic (uzun) - 1.80 AZN (1.60 AZN)
- Classic (qalın qutu) - 1.60 AZN (1.40 AZN)
- Prima - 1.40 AZN (1.20 AZN)
- P&S - 2.50 AZN (2.30 AZN).

Alıcılar mövcud duruma öz etirazlarını bildirirlər. Alıcı Aygün Məmmədova hər gün fərqli qiymətlə üzləşdiyini deyirdi: "İnsanları düşünən yoxdur. Qiymətləri bahalaşdıranda düşünmürlər ki, bu xalq bunu necə alsın, necə dolansın. Aldığımız maaş artıq təkcə qidamıza bəs etməyəcək”.

Digər alıcı Sabir Rüstəmov: "Xalqı aclıqla, bahalıqla sınağa çəkmək olmaz. Buna bir çarə tapsınlar. Xalqın səbir kasasını daşırmasınlar”.

Maraqlıdır ki, hər gün bahalaşan bu qiymət artımına bir dur deyən olacaqmı? Qiymət artımının qarşını almaq üçün hansı tədbirlər görülməlidir?



İqtisadçı ekspert Rəşad Həsənov bahalaşmanın uzun sürən bir proses olacağını dedi: "Hazırda istehlak olunan məhsulların böyük bir qismi idxal məhsullarıdır. İdxal məhsulları təbii ki, manatın məzənnəsinə uyğun olaraq bahalaşmalıdır. Kimsə hansısa formada bu prosesi əngəlləyə bilməz. Baxmayaraq ki, bundan öncəki devalvasiya dövründə hökumət administrativ yollarla prosesi müəyyən qədər yumşaltmağa çalışdı. 

Amma sonradan məlum oldu ki, bu, effekt vermir. Əgər məhsulun ölkəyə idxalı sahibkar üçün səmərəli olmayacaqsa, yəni qiymətlər üzərində administrativ qüvvə olacaqsa, bu, son nəticədə qıtlığa gətirib çıxaracaq. Bu gün bizim müşahidə etdiyimiz ondan ibarətdir ki, hazırda müəyyən istiqamətdə satış məntəqələrində rəflər boşalır. 

Bu özü qeyd etdiyimiz məqamın təzahürlərindən biridir. Məsələ ondadır ki, hazırda qiymətlər üzərində ciddi təzyiq yoxdur. Yəni hansısa formada hökumət bu məsələyə müdaxilə etmir. Çünki bunun ağır nəticələri, fəsadları olur. Subyektlər gəlirsiz fəaliyyətdə maraqlı olmur və yaxud da bir müddət bu şəkildə fəaliyyət göstərdikdə nəticədə özünü iflasa doğru aparmış olur. Məhz bunu nəzərə alaraq kimisə hansısa formada günahlandırmaq doğru deyil. Çünki sahibkarlar aldıqları məhsulları xarici valyuta ilə alırlar, məzənnə isə hər gün dəyişir. 



Hazırda faktiki olaraq hansısa biznes subyektinin valyuta seçim imkanları da məhdudlaşıb. Onlar böyük ehtimalla məcburən qara bazarlara üz tutublar. Çünki qara bazarlarda məzənnə hökumətin rəsmi şəkildə Mərkəzi Bankın açıqladığı məzənnədən təxminən 10 faiz yuxarıdır. Yəni bu məqamları nəzərdə aldıqda xaricdən idxal olunan məhsulların bahalaşmasında əslində heç bir ictimai qınaq ola bilməz. Çünki alternativ yoxdur. Yerli istehsala gəlincə isə yerli istehsalın böyük bir qisminin xammal asılılığı olduğu üçün o məhsulların maya dəyərində xarici valyutanın məzənnəsi böyük həcmdə paya malikdir. Təbii ki, məzənnə yuxarıya doğru istiqamətlənibsə, bu da qiymətlərin nəticədə bahalaşmasına gətirib çıxarır. Bundan əlavə, yerli istehsalçı müəssisələrin, subyektlərin özlərinin xarici valyutada kifayət qədər öhdəlikləri var, həm yerli banklara, həm də xarici tərəfdaşlara. 

Bu məzənnə dəyişikliyindən yaranan fərqi məcburən manatla ölkə bazarlarından çəkməlidir. Bu da son nəticədə xidmət xərclərinin artmasına və məhsulun maya dəyərinin daha da yüksəlməsinə gətirib çıxarır. Təbii ki, qiymətlərin artımı əhalinin gəlirlərinin azalması fonunda istehlak qabiliyyətini kəskin şəkildə sarsıdır. Bu gün bazarlarda, marketlərdə olan qiymətlər əhalinin alıcılıq imkanları ilə tərs mütənasib şəkildə formalaşır. Belə bir şərait ümumilikdə götürdükdə yoxsulluğa istiqamətlənmiş bir yoldur”.



Ölkədəki qiymət artımına son qoyulması istiqamətində hökumətin ata biləcəyi addımlara gəlincə isə ekspert bu məsələnin qısa müddətdə həll edilə bilməyəcəyini dedi: "Mümkün qədər inhisarçılıq meylləri ilə mübarizə aparmaq lazımdır. Artıq bununla bağlı gömrükdə müəyyən addımlar atılıb. Ölkədaxili bazarlarda rəqabət mühiti qorunmalıdır. İlk növbədə məsələ unun üzərində dayanır. Yəni bolluq yaratmaqla qiymətlərin nisbətən aşağı düşməsinin təmin edilməsi. Çünki qısamüddətli bir dövrdə digər hər hansı bir yol effekt vermir. İkinci məqam gömrük rüsumlarının və vergi siyasətinin əhalinin imkanlarına uyğunlaşdırılmasıdır. Doğrudur, dövlət büdcəsinin təmin olunması baxımından hazırda sıxıntı var və bu məqam üzərində hökumət mümkün qədər az dayanmaq istəyir. Yeni vergi strategiyasında Vergilər Nazirliyinə, hökumətə şərait yaradılıb ki, diferansial vergi siyasətini həyata keçirsin, fərqli vergi dərəcələri tətbiq etsin. Eyni zamanda diqqət etmək lazımdır ki, gömrük rüsumları əvvəlki dövrlərdə real olaraq işləmədiyi üçün faktiki olaraq bazarın və ölkə iqtisadiyyatının tələblərinə uyğun dərəcədə formalaşmayıb. Hazırda gömrük sistemində aparılan müəyyən dəyişikliklərdən sonra rüsumların səviyyəsinə yenidən baxılması ehtiyacı yaranıb. Üçüncü məqam isə yerli istehsalın təşviqi və formalaşmasıdır. İstehlak baxımından Azərbaycan nə qədər xammal idxalından asılı olacaqsa, qiymətlərin real alıcılıq şərtlərinə uyğunlaşdırılmasında çətinliklər olacaq. Təbii ki, uzun müddətli dövr tələb edən istiqamətdir. Amma biz bu gün bu istiqamətdə müəyyən addımlar atmalıyıq”. 

MediaFax