Mahmudovun ANS-i ələ keçirmək istəyinin Səbəbi

İlahiyyatçıdan Vahid Mustafayevin əleyhinə ifadə almaq cəhdinin pərdəarxası

Xəbər verdiyimiz kimi MTN tərəfindən həbs edilən ilahiyyatçı Elşən Mustafaoğludan ANS telekanalının prezidenti Vahid Mustafayevin də əleyhinə ifadə almağa cəhd ediblər. Bu barədə ilahiyyatçının qayınanası Səlimə Sultanova qəzetimizə bildirmişdi.

Onun sözlərinə görə, 2014-cü ilin dekabrında Elşən Mustafaoğlunu saxlayarkən qarşısında şərt qoyulub – ya Qafqaz Müsəlmanları Idarəsinin sədri Allahşükür Paşazadə, korpus komandiri, general Rövşən Əkbərov və ANS-in prezidenti Vahid Mustafayevin əleyhinə ifadəyə imza atırsan, ya da uzunmüddətli həbsə göndərilirsən: "Elşənə deyiblər ki, bu adamlara qarşı ifadə ver, çıx get balalarının yanına. Ancaq Elşən onların dediyini eləməyib. Eləmədiyinə görə də ona işgəncə verib, həbs eləyiblər”.

Elşən Mustafaoğlu özü də məhkəmənin hazırlıq iclasında Rövşən Əkbərov və Şeyxin əleyhinə ifadə verməsi üçün MTN-də təzyiqlərə məruz qaldığını bildirmişdi.

Tanınmış hüquqşünas Əyyub Kərim isə bu məsələni ”Azadlıq”a şərh edərkən bildirmişdi ki, MTN rəhbərliyinin nüfuzlu şəxslərə qarşı ifadə alması təsadüfi deyil: "Belə görünür ki, MTN-in məqsədi təkcə pul yığmaq yox, həm də gələcəkdə hakimiyyəti ələ keçirmək idi. Yığılan şantaj xarakterli materiallar bunu deməyə əsas verir. Rövşən Əkbərov korpus komandiridir. Ona qarşı nəsə məlumatın olması gələcəkdə onun dəstəyini almağa imkan verə bilərdi. Və ya şeyxə qarşı da məlumatın əldə olunması hakimiyyət dəyişikliyi olacağı təqdirdə onun mövqeyinin necə olacağını müəyyənləşdirməyə hesablanıb. Yəni hissə-hissə müdafiə Nazirliyindən, Dini Qurumlardan özlərinə tərəfdar yığmağa çalışırdılar. Sabah tam arxayınçılıqla hakimiyyət çevrilişinə gedə bilərdilər. Eldar Mahmudovun tutduğu postdan azad edilməsiylə bağlı addım atılmasaydı, bir neçə gün, bəlkə də saat ləngimə olsaydı, dövlət başçısını ölkəyə qayıtmağa imkan verməyə bilərdilər”.

Elşən Mustafaoğludan Vahid Mustafayevin də əleyhinə ifadə tələb edilməsi Əyyub Kərimin ehtimallarını daha da gücləndirir. Görünür, MTN rəhbərliyi gələcək planlarında telekanallar arasında daha populyar olan ANS-dən də istifadə etməyə çalışıb. Hər halda dövlət çevrilişlərində media, xüsusilə televiziya ən önəmli silahlardan biridir.

MediaFax