Kütləvi zəhərlənmələrin səbəbi nədir?

Son 2-3 gündə Sumqayıtda bir ailənin 5, Tovuzda isə 7 üzvü qarpızdan zəhərləndi.
 
Daha doğrusu həkimlər onlara bu diaqnozu qoyub. Qarpız mövsümü çoxdan başlayıb və artıq onların dərmansız yetişməsi üçün normal mühit var. Bəs qarpızın yeyilməsi üçün ilin ən münasib vaxtında insanlar niyə zəhərlənir?
 
Günəş altında qalan qarpız...
 
Əvvəlcə qarpızın tərkibini öyrənək. Bu gün satışda olan qarpızlarda nitratın miqdarı normaya uyğundurmu?
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor vəzifələrini icra edən Rəşad Vahabzadə açıqlamasında bildirib ki, qarpızlarda nitratın miqdarı normadan da aşağıdır.
 
"Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycanda açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır. Əgər müayinə zamanı məhsullarda nitrat və pestisidlərin miqdarı normadan artıq olarsa, o zaman məhsul satışdan çıxarılaraq məhv edilir. Ancaq bir neçə gün əvvəl həyata keçirilən laborator müayinələr zamanı qarpızlarda nitratların miqdarının 15-20 mqkq arasında olduğu məlum olub. Halbuki, qarpızlarda nitratların norması 60 mqkq–dır”.
 
R.Vahabzadə satışda olan qarpızların mütəmadi yoxlandığını dedi: "Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi mütamadi olaraq ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız və yemiş məhsullları üzərində də kimyəvi toksikoloji müayinə aparır. Avqustun əvvəlində bazarlarda aparılan laborator müayinələr zamanı qarpız məhsulunun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub və heç bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib.
 
Onun sözlərinə görə, qarpız və digər məhsullara dərman və gübrələrin vurulması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: "Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar aldıqda və istifadə etdikdə, yaxud soyuducuda uzun müddət saxlanıldıqda, mütləq orqanizmdə qida zəhərlənməsi baş verir. Əgər  düzgün temperatura riayət olunmaqla məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz. Eyni zamanda, isti yay günlərində qızmar günəş altında saxlanılan və istehlakçılara satılan məhsullardan istifadə zamanı da qida zəhərlənməsi baş verə bilər. Buna görə də, istehlakçılara xüsusi şəraitdə, örtülü yerlərdə saxlanılan məhsulları almağı və istifadə etməyi məsləhət görürük”.
 
Qarpızdan mikrobioloji zəhərlənmə olmaz...
 
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev açıqlamasında iddia edir ki, qarpızdan toksiki zəhərlənmə mümkün deyil: "Qarpızın içərisində mikrob olmadığına görə, toksiki zəhərlənmə ola bilməz. Həkimlərin qarpızdan zəhərlənmə ilə bağlı qərarı xəstənin sözləri əsasında verilir. Daha sonra zəhərlənmə faktları araşdırılarkən qarpızdan zəhərlənmə faktı təsdiqini tapmır. Xəstəxana həkimi xəstədən ilkin məlumat toplayanda yediyi qidaları soruşur. Xəstə də zəhənməyə səbəb olacağını düşündüyü qidaları deyir. Həkimin də borcudur ki, zəhərlənmə səbəbinə nəsə yazsın. Lakin qarpız zəhərlənməyə səbəb ola bilməz, bu məsələ dəfələrlə müzakirə olunub və belə qənaətə gəlmişik”.
 
İ.Abdullayevin fikrincə, qarpızdan yalnız kimyəvi zəhərlənmə ola bilər: "Tərkibində kimyəvi elementlər, azot gübrəsi normadan çox olanda zəhərlənmə mümkündür. Qalan hallarda xəstəyə toksiki infeksiya, yəni mikroorqanizmin törətdiyi zəhərlənmə diaqnozu qoyurlar. Amma qarpızın içində mikrob yoxdur ki, belə bir diaqnoz qoyulsun. Sadəcə insanlar bir neçə qida qəbul edir, mədə və bağırsaq sistemində problem, pozuntu yaranır. Qarpız əsasən mayedən ibarət olduğuna görə, bu proses daha da güclənir və xəstə bunu qarpızla əlaqələndirilir”.
 
İndi qarpızın adı pis çıxıb
 
Bəs xəstələrə qarpızdan zəhərlənmə diaqnozunu qoyan xəstəxanalar bu barədə nə düşünür?
 
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində baş vermiş zəhərlənmə ilə bağlı qəsəbənin 3 saylı xəstəxana ilə əlaqə saxladıq. Xəstəxanadan sualımıza cavab verən tapa bilməsək də, Tovuzda baş vermiş zəhərlənmə ilə bağlı ətraflı məlumat ala bildik.
 
Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mahirə Quliyeva bildirdi ki, xəstələrə qarpızdan zəhərlənmə  diaqnozu qoyulsa da, lakin buna ehtimal vermir: "Xəstəxanaya yerləşdirilən 7 nəfərin hamısı qarpız yediklərini və ondan zəhərləndiklərini dedilər. Onlardan yalnız biri stasionara yerləşdirildi, qalanları evə buraxıldı. Ola bilər ki, qarpızı yumamış yeyiblər, üzərində olan torpaq içərisinə keçib və bundan zəhərlənmə baş verib. Lakin qalan hallarda qarpızdan zəhərlənmə ola biləcəyini düşünmürəm. Zəhərlənmənin əsas səbəbini müəyyən etmək üçün xəstəxanada qalan şəxsdən analiz götürüldü. Hələ ki, nəticə məlum deyil. Lakin qalanları yüngül halda, ürəkbulanma ilə gəlmişdilər, ilkin yardımdan sonra hamısının vəziyyəti normal olduğuna görə evə buraxıldı”.
 
M.Quliyeva ümumiyyətlə qarpızdan zəhərlənmə faktını qəbul etmədiyini dedi: "Ola bilər ki, qarpızdan əvvəl başqa qidalar da qəbul ediblər. Sadəcə xəstə nə yediyini deyir, biz də onu qeydə alırıq. İndi qarpızın adı pis çıxıb, hər kəs ilkin olaraq ondan şübhələnir. Lakin uzun illərdir həkim işləyirəm, qarpızdan zəhərlənmə halı görməmişəm. Yəni heç zaman bu təsdiqini tapmayıb. Mən illərdir qarpız yeyirəm 1 dəfə də zəhərlənməmişəm. İnsanlar sanitariya normalarına riayət etməlidir”./publika.az/

MediaFax