Kredit bürolarının faydası nədir? - Açıqlama

İqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanda kredit bürolarının yaranmasının əhəmiyyətindən danışıb.
 
Ekspert açıqlamasında qeyd edib ki, bankların kredit portfelində çox ciddi problemlər ortaya çıxıb:

"Bu problemlərin də əsas qaynağı əvvəlki dövrlərdə bankların düzgün olmayan kredit siyasəti həyata keçirməməsidir. Kreditləşmə prosesində informasiya təminatı az olub. Kredit işçilərinin subyektiv yanaşma ortaya qoyması nəticədə qeyri-şəffaf şəkildə kredit müraciəti edən vətəndaşlarla, hüquqi subyektlərlə razılaşma əsasında maliyyə dayanıqlığına söykənməyən kredit portfeli formalaşdırılıb. Bu baxımdan banklar üçün yeni məlumat bazasının yaradılması və eyni zamanda bazanın çevik şəkildə fəaliyyət göstərməsinə ehtiyac var. 

Azərbaycanda buna bənzər baza Mərkəzi Bankın nəzdində olan Kredit Reyestri Xidməti idi. Burada isə yalnız kredit borcu öhdəliklərinin yerinə yetirilməsi səviyyəsi, gecikmiş kreditlərin tarixi kimi informasiyalar əks olunurdu. Amma vətəndaşın digər maliyyə davranışları ilə bağlı informasiyalar əks olunmurdu”.

Ekspert əlavə edib ki, kredit bürolarının informasiya bazasında vətəndaşın kredit öhdəliklərini yerinə yetirmə qrafiki ilə yanaşı digər borclar, yəni kommunal borclarının ödənilməsi, tətbiq edilən cərimələrin yerinə yetirilməsi səviyyəsi qaydaları da öz əksini tapacaq: "Beləliklə, banklar daha sağlam müştərilərlə əməkdaşlıq edə biləcəklər. Kredit büroları öz fəaliyyətini bankların ödədiyi üzvlük haqları əsasında formalaşdıracaq. Bu da bankların öz cari xərclərinin azaldılmasına gətirib çıxaracaq. Banklar öz strukturlarının tərkibində böyük kredit heyəti saxlamaq məcburiyyətində qalmayacaq. Müəyyən ixtisarlar həyata keçirməklə özlərinin maliyyə stabilliyini saxlaya biləcəklər. Büro bankların birləşmiş formada yaradacağı bir qurum olacaq"./qafqazinfo.az/

MediaFax