Keçən ayın pensiyasını ala bilməyənlər var...

Ötən ilin dekabrından pensiya və müavinətlərin ödənilməsində problemlər yaranıb.
 
Xüsusilə də ümumi əlilliyi olan şəxslər dekabr və yanvar ayının pensiyasını hələ də ala bilməyiblər.

Redaksiyaya edilən müraciətlərdən də bəlli olur ki, paytaxtın Suraxanı, Nəsimi, Qaradağ rayonlarında və bölgələrdə əlilliyə görə pensiyaların, yaxud sosial müavintlərin ödənilməsində problemlər var.

"Oğlum İlkinin pensiyası hələ də köçürülməyib. Dekabr və yanvar ayının pensiyasını hələ ala bilməmişəm. Səbəbini isə öyrənə bilmirəm”, -redaksiyaya müraciət edən Xuraman İsmayılova deyir.

Əməkdaşlarımız da şahid olub ki, sosial müavinətlərini və ya pensiyalarını almaq üçün bankomatlara üz tutanlar arasında əliboş dönənlər var. Belə vəziyyət bir çox bölgələrdə də qeydə alınıb. Əlilliyi olan şəxslər sosial şəbəkələrdəki qruplarda da müavinətlərin gecikməsindən gileylənirlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev saytımıza açıqlamasında əmək pensiyalarının maliyyələşdirilməsində hər hansı bir problemin olmadığını deyib. "Pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Pensiyasını ala bilməyənlər nazirliyə müraciət etsinlər”,- E.Babayev bildirib.

Nazirliyin "qaynar xətt” xidmətindən də gecikdirmələrlə bağlı problem olanların məlumat vermələri tövsiyə edilib./virtualaz.org/

MediaFax