11:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan gümbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.
Tikinti ərazisində 250 kvadratmetr yaşıl mərmərdən, bayraq dirəyinin təməlində 70 kubmetr dəmir-betondan istifadə olunub.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərin mərkəzində yerləşən Nikah evinin binasının açılışını edib.
Məlumat verildi ki, bu bina 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilib. Bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir. Ümumi sahəsi 448 kvadratmetr olan binada regionun ən böyük təntənəli mərasim zalının olması nikah bağlayanlar üçün müxtəlif tədbirlərin təşkili ilə bağlı geniş imkanlar açır. Nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək. Həmçinin burada nikahı qeydiyyata alınanlar üçün otaq ayrılıb, təntənəli mərasimlərin təşkilinə və əməkdaşlara lazımi şərait yaradılıb.
-------------
14:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.
Dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxdı.
Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.
Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.
Diqqətə çatdırıldı ki, avtomobil yolunun inşası zamanı 108 min kubmetr torpaq işləri görülüb. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 120,6 min kubmetr çınqıl və qum-qırmadaş, 30 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.
Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi bir hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində "Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Aqroparklar aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Aqroparkların yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışı bütünlükdə bu sistemi özündə birləşdirməklə, kənd təsərrüfatı məhsullarının torpaqdan istehlakçının süfrəsinədək bütün mərhələləri özündə əks etdirir ki, bu da həmin məhsulların istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və keyfiyyətin yüksəlməsinə imkan verir. Belə aqroparklardan biri də Xaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.
Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verildi. İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 13 logistik mərkəz və 2 taxıl anbarı, 1 quşçuluq, 2 istixana, 7 intensiv bağçılıq və 4 üzümçülük təsərrüfatı, 3 meyvə-tərəvəz emalı, 2 çörək və 2 tara zavodu, eləcə də 7 digər istehsal və emal müəssisəsi olmaqla, ümumilikdə 43 müəssisənin yaradılmasına 107 milyon manat, həmçinin 1980-dək sahibkara 19 milyon manatdan çox kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.
Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, təsərrüfata "Aqrolizinq” ASC vasitəsilə "Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.
Dövlətimiz başçısı aqroparkın ərazisindəki yem zavodunu işə saldı.
Zavodda istehsal olunan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Arpa zəmilərində biçin başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.
Rentabelliyin təmin edilməsi məqsədilə arpa sahələrinin 155 hektarında ikinci əkin olaraq silosluq qarğıdalı səpilib.
Bildirildi ki, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qaz və elektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə avtomobil zavodunda istehsal olunan 15 adda 24 müasir texnika və aqreqatlar alınıb.
Aqroparkda çalışanlar üçün hər cür şərait yaradılıb, 40 çarpayılıq yataqxana, yeməkxana və ofis binası inşa edilib, ərazi abadlaşdırılıb və geniş yaşıllaşdırma işləri görülüb. Bununla yanaşı, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Süd emalı zavodunda kərə yağı, quru süd və pendir istehsal olunacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur. İkinci mərhələdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyindən də istifadə ediləcək.
Süd zavodunda təsərrüfatda istehsal olunmuş südün emalı ilə yanaşı, ətraf kəndlərin fermerlərindən də süd tədarük olunacaq, emal edildikdən sonra hazır məhsullar daxili bazara çıxarılmaqla bərabər, xarici ölkələrə də ixrac ediləcək. Aqroparkda 150 nəfər çalışır və layihələrin icrası nəticəsində 300-dən artıq yeni iş yeri yaradılacaq.
Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi./AZƏRTAC/
----------
16:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulduqdan sonra əsas diqqət regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına yönəlib. Yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir. Ən əsası isə belə layihələrin uğurla icrası nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Hər bir regionda olduğu kimi, Qusar rayonunda da belə tədbirlər davamlı xarakter alıb. Mühüm əhəmiyyətə malik olan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun bir hissəsi dağılmış asfalt-beton örtüklü, bir hissəsi isə torpaq-çınqıl örtüklü olub. Əvvəllər eni 5-6 metr olan yolla xüsusən payız-qış aylarında hərəkət xeyli çətinləşirdi. Yolun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq "Azəravtoyol” ASC tərəfindən müvafiq işlər tam yekunlaşıb.
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla, 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir. Ümumilikdə 200 min kvadratmetr sahəyə 2 qat asfalt-beton örtüyü döşənib. Yenidənqurma zamanı yağış sularının axıdılması üçün 57 suötürücü boru tikilib, mövcud borular və su keçidləri bərpa olunub. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, həmin kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni səkilər tikilib. Bundan başqa, İmamqulukənd kanalı üzərində 9,6 metr uzunluğunda və 4 metr enində yeni körpü, Gündüzqala kənd körpüsündə isə 184 metr uzunluğunda sutənzimləyici qurğular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə 980 yol təhlükəsizlik dirəyi, 197 müxtəlif yol nişanları və 24 göstərici lövhə quraşdırılıb, piyada zolaqları və 61 min 750 metr üfüqi nişanlama xətləri çəkilib.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub. Beləliklə, bu yolun istifadəyə verilməsi ilə nəinki Qusarın, eləcə də regionun iqtisadi potensialı daha da artır.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.
Dövlətimizin başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lent kəsdi
Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağının məzunu, fizika-riyaziyyat elmləri doktoru professor Kərim Kərimovun adını daşıyan məktəb üçün 1973-cü ildə 14 sinif otağından ibarət ikimərtəbəli bina tikilib. Lakin şagirdlərin sayı çox olduğundan iki növbədə fəaliyyət göstərən məktəbin darısqal binası uzun illər təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü.
İndi Hil kəndində ən müasir tələblərə cavab verən yeni bina tikilib.
Məktəbin binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Bu təhsil ocağı 720 şagird yerlikdir. Burada ümumilikdə 30 sinif otağı var. Otaqların hamısı zəruri dərs ləvazimatı ilə təmin edilib. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Bu təhsil ocağı öz məzunları ilə fəxr edir. Hazırda məktəbin yetirmələrindən 4 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədi var. Məktəbin 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyası var. Laboratoriyaların hamısı müasir avadanlıqla təchiz edilib. Məktəbin 2 əmək təlimi otağı, zəngin kitabxanası, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxanası da var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, 250 kilovoltluq transformator yarımstansiyası tikilib, artezian quyusu qazılıb. Həmçinin 100 kubmetrlik içməli və 100 kubmetrlik yanğın əleyhinə ehtiyat su anbarları, açıq idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb.
Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
X X X
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.
Respublikanın hər yerində əhalinin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər arasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əsas yer tutur. Bu baxımdan Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də mühüm əhəmiyyətə malikdir. Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. "Şahdağ” Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Kollektorun 7,6 kilometrlik hissəsi 1000, 19,6 kilometrlik hissəsi isə 800 millimetrlik borulardan inşa olunub. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün 472 kvadratmetr sahəsi olan yeni inzibati bina tikilib. Binada xidməti otaqlar, iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılıb.
Bildirildi ki, bu layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.
Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılıb. Layihənin birinci mərhələsində Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə qurulub. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda, həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.
Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi./AZƏRTAC/