İcra başçısının siçan-pişik oyunu...

Hər gün iqtisadi inkişafından ağızdolusu danışdığımız Azərbaycan paytaxt Bakıya ən yaxın turizm rayonu - Xızı sakinləri acınacaqlı vəiyyətdə yaşayır.
 
BakiPost.az xəbər verir ki, 16 370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar. Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əyehinə, ağrıkəsici və s.) və ucuz dərmanları alır, öz evində kənd camaatına satır. Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur.
Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə plastik qablara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir.

Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Modern.az-ın sadalanan problemlərlə bağlı sualına "onu kim deyir. Bunlar yalandır” deyə cavab verməklə bizə başqa bir nömrə ilə əlaqə saxlamağı məsləhət gördü.

Başçı daha ətraflı məlumat alacağımıza bizi əmin etdikdən sonra onun məsləhət gördüyü Sənədlərlə və vətəndaşların  müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyevə zəng etdik. N.Quliyev də başçısından geri qalmadı. Bizim onunla əlaqə saxlayacağımız barədə icra başçısı tərəfindən dərhal məlumatlandırıldığı halda, telefonu üzümüzə qapatmaqla işini bitimiş hesab etdi...

Bütün bunlardan isə İcra Hakimiyyəti nümayəndələrinin insanların acınacaqlı durumu ilə bağlı siçan-pişik oynamasından başqa hansısa nəticə hasil olmadı.
Rayonun deputatı, xalq artisti Zeynəb Xanlarova ilə əlaqə saxlamaq mümkün olmadığından Xızı sakinlərini dərdini ona da çatdıra bilmədik...

MediaFax