İcra başçısı qanunları saymır?

Bakının Binə qəsəbəsində yolların bərbad vəziyyəti dəyişməyib.
 
Sakinlər aksiyadan sonra yenə də eyni zülmü çəkirlər. Nə marşrutlar bu yollardan keçir, nə də taksi sürücüləri bu yola girməyə razı olurlar. 
 
Saytımızın əldə etdiyi xəbərə görə, Xəzər rayon icra başçısı Gülağa İslamov sakinlərlə maraqlanmır. 

Mənbə iddia edir ki, icra başçısı bu rayona rəhbər təyin olunarkən onu himayə edən qüvvəyə arxalanıb. 

Bu arxayınlıq nəticəsində Xəzər rayonunda fəaliyyətini rahat şəkildə həyata keçirib. Nəticə etibarı ilə Binə qəsəbəsi onun gözündən uzaq, könlündən iraq qalıb. Hələ də ara məhəllələr acınacaqlı vəziyyətdədir; palçıq dizə çıxıb, kələ-kötür, çala-çuxur yollardan keçmək əzabı bitməyib. 

Prezidentin Bakıətrafı kənd və qəsəbələrində yolların təmir edilməsinə dair sərəncamı var. Bu sərəncam nə Nəqliyyat Nazirliyi, nə "Azəryolservis” ASC, nə Xəzər rayon rəhbərliyinin yadına düşür. 

Sakinlər danışırlar ki, qəsəbənin "Sovxoz” adlanan ərazisində yolların düzəldilməsi gözlənilirdi. 

Xatırladaq ki, 2014-cü ildə bu problemlə bağlı Binə-Hövsan avtomobil yolunu bağlamağa cəhd göstərənlərdən 4 nəfər barəsində cinayət işi qaldırılmışdı. 

Saytımıza verilən məlumata görə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərlik etdiyi bu rayonda insanlar məmur özbaşınalıqlarından və bu zəmində yaranmış çoxsaylı sosial, məişət və digər problemlərdən əziyyət çəkirlər. 

Maraqlıdır ki, bu problemləri yaradan məmurlardan bəziləri eyni zamanda həm də icra başçısının qohumlarıdır. 

Mətbuat yazıb ki, icra başçısının qudası Qala qəsəbəsində böyük problemlər yaratmaqla məşğuldur. 

Qəsəbə sakinləri yerli icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən yol verilən çeşidli qanun pozuntularından olmazın əziyyət çəkirlər. 

Digər bir məlumatda da Gülağa İslamovun Türkanda yerləşən daş karxanalarının sakinlərin sağlamlığını təhdid etdiyi vurğulanır. 

İcra başçısının öz işində yol verdiyi nöqsanlar rayonun bəzi qəsəbələrində yaşayan insanların həyat səviyyəsinə ciddi şəkildə öz təsirini göstərməkdədir. RİH-nin mövqeyini işıqlandırmağa hazırıq./politika.az/

MediaFax