İcra başçılarının dəyişməyən “korrupsiya sxemi”

Onlar xərcləri şişirdir, lazımsız alışlar edir, işləməyənlərə əmək haqqı yazırlar

Hesablama Palatasının müxtəlif dövlət qurumlarında apardığı çoxsaylı auditlər üzrə təhlilimiz həmin təşkilatlarda korrupsiya sxeminin dəyişmədiyini göstərir. Məlum olur ki, büdcədən maliyyələşən qurumlarda hər zamankı kimi tender qanunvericiliyi pozulur, vəsaitlər təyinatından yayındırılır, maliyyə pozuntuları baş alıb gedir. Palatanın avqust ayı üzrə açıqlamasına görə Salyan və Şirvan rayon icra hakimiyyətlərində aparılan auditin nəticələri ürəkaçan deyil. 

Salyan RİH-də küçələrin süpürülməsinə ayrılan pulların istiqaməti dəyişdirilib  

Yoxlamaya məruz qalan Salyan RİH-in tabeliyində olan idarə, müəssisə və təşkilatlarda proqnozların tərtibi zamanı "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” nəzərə alınmayıb. Küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm qulluq edilən yaşıllıq sahələri və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib. Bu sahədə xərclərin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib. Malların, iş və xidmətlərin satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib. 

İcra Hakimiyyəti tikinti normalarına da əməl etməyib

Bununla yanaşı, əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar müddətinin azalmasına şərait yaradıb, yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına öz təsirini göstərib. Mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz görülüb. Küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib. Bəzi işçilərə faktiki işləmədikləri halda əmək haqqı ödənilib, bir sıra hallarda isə işləməyənlərə əmək haqqı hesablanıb və kassada saxlanılaraq digər məqsədlərə sərf edilib. Təmizlik işlərinə xidmət məqsədi ilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb, bəzi vəzifələr üzrə əmək haqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əmək haqqı ödənilib.

Şirvan RİH-in "bədxərcliyi” büdcəyə baha-başa gəlib

Şirvan RİH, tabeliyində olan idarə, müəssisə və təşkilatlarda həyata keçirilmiş auditin nəticələrinə əsasən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, fondun hər m2-ə düşən xərci araşdırılmayıb, zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda satınalma metodu tətbiq edilmədən malların, iş və xidmətlərin alınmasına vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb. Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib.

Göründüyü kimi auditlərin nəticələri kifayət qədər acınacaqlı olsa da Palata prokurorluq orqanlarına müraciət etməyib, yalnız Milli Məclis və audit aparılan qurumların tabe olduğu təşkilatlara məlumat verməklə kifayətlənib. Palata belə davrandıqca dövlət qurumlarında korrupsiyanın gün-gündən "çiçəklənməsi” təəccüb doğurmamalıdır. Bir tərəfdən Palatanı da qınamaq olmaz, əgər həmin təşkilatlarda prokurorluqdan ciddi cəza alıb maliyyə pozuntuları etmədən adam kimi işləsələr, onda heç onların auditini aparan quruma da ehtiyac qalmaz./bizimyol.info/

MediaFax