“Avtobus sürücüləri ilə bacarmaq mümkünsüzdür”

Nuridə Allahyarova: "Daşıyıcı şirkət hər gün xəttə çıxan sürücülərini müayinədən keçirməlidir”; Ərşad Hüseynov: "Spirtli içkilər kimi narkotik maddələrdən də istifadənin müayinəsi yerindəcə mümkündür” 

Bu günlərdə Bakıda narkotik tərkibli maddənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsünün aşkarlanması ictimaiyyətdə rezonans doğurub.
 
Xezerxeber.com saytının yaydığı xəbərə görə, sürücü avtobusu qapısı açıq vəziyyətdə idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Əvvəlcə sərxoş olduğu bilinən Namiq İsgəndərov adlı sürücü həkim müayinəsindən sonra məlum olub ki, narkotik tərkibli maddənin təsiri altında avtobusu idarə edir. Dindirmə zamanı Namiq İsgəndərov narkotik tərkibli maddə qəbul etdiyini boynuna alıb...

Bu olay ictimaiyyətdə, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi iddialara görə,  sürücü Namiq İsgəndərovun timsalında bir çox sürücülər yoxlama zamanı spirtli içkilərə nisbətən daha az aşkarlandığı üçün narkotik vasitələrə üstünlük verirlər. Bu isə yüzlərlə sərnişinin həyatının təhlükə altında olduğu anlamına gəlir. 

Doğrudur, son zamanlar ictimai nəqliyyatda sürücü özbaşınalığı üzündən baş verən ağır qəzaların qarşını almaq məqsədi ilə müəyyən tədbirlərə start verilir, müxtəlif reydlər keçirilir. Lakin görünən budur ki, bu tədbirlər avtobus sürücülərinin özbaşınalığına son qoya, problemləri həll edib qurtara bilmir. Paytaxtda tıxaclar yaradan, harada gəldi saxlayan, sürət həddini aşan, tez-tez qəza törədən avtobus sürücüləri ilə sanki bacarmaq mümkünsüzdür...

Səbəb nədir? Mövzu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nuridə Allahyarova danışıb. Qurumun əməkdaşı qeyd edib ki, bütün sürücülər işə qəbul olunanda tibbi müayinədən keçir: "Bununla yanaşı, sürücü xəttə çıxarılmadan öncə də (bu, dövlət nəzarətində olan bütün marşrut xətlərinə aiddir) testlərdən keçirlər. Bu proses dövlət qurumu tərəfindən aparılmır, çünki sürücülər daşıyıcı şirkətin əməkdaşlarıdır, şirkət bu məsələdə məsuliyyət daşıyır. Daşıyıcı şirkət dövlət nəzarətində olan marşrut xəttində öz xidmət avtobusları və sürücüləri ilə müvəqqəti xidmət göstərir. Şirkət müqavilə əsasında sürücünü işə götürür, agentlik deyil. Bu baxımdan da sürücü qanunsuzluğa yol verərsə, təhlükəli sürərsə, davranış qaydalarını pozarsa, Bakı Nəqliyyat Agentliyi birbaşa daşıyıcı şirkətin qarşısında məsələ qaldırır. Şirkət aidiyyəti orqanlar tərəfindən daxil olan şikayət əsasında sürücüyə qarşı tədbir görür. Bu, inzibati və yaxud işdən çıxarılma tədbirləri də ola bilər. 

Amma bütün sürücülər işə qəbul olunarkən bütün müayinələrdən, o cümlədən narkoloji dispanserdən keçir. Amma bu proses bir dəfə aparılır. Daşıyıcı şirkət isə hər gün xəttə çıxan sürücülərini tibbi müayinədən keçirməlidir".

Nəqliyyat üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov isə qeyd etdi ki, ölkə qanunvericiliyində nəqliyyatdakı  qanunsuzluqları nəzərdə tutan kifayət qədər müddəalar var: "Təkcə yol polisinin keçirdiyi reydlər vasitəsilə deyil, onun daha etibarlı mexanizmi var. Doğrudur, yol polisinin reydləri vasitəsilə də istər avtobus, istərsə də digər nəqliyyat vasitələrinin sürücülərində sərxoşluq, narkotik maddələrin izi aşkarlananda həmin sürücü mütləq nəqliyyatı idarə etmədən uzaqlaşdırılıb tibbi müayinədən keçirilir”.

Ərşad Hüseynov həmçinin vurğuladı ki, spirtli içkilər kimi narkotik maddələrdən də istifadənin müayinəsi yerindəcə mümkündür:

"Ən yaxşı mexanizm sükan arxasında əyləşən avtobus sürücüsünə kamera vasitəsilə nəzarət etməkdir. Bu mexanizm dünyanın bir çox ölkələrində var.  Amma səmimi olaraq bildirirəm ki, bizdə sərxoş sürücü problemi dünyanın əksər ölkələri ilə müqayisədə faciəli vəziyyətdə deyil. Təbii ki, heç olmasa daha yaxşı olar. Bizim sürücülər başqa məsələlərdə intizamsızdırlar, təhlükəsizlik qaydalarını bilmirlər, kobuddurlar, amma sərxoşluqla bağlı məsələlərdə o qədər də problemli deyillər”./musavat.com/

MediaFax