Həkimi rüsvay etdi, özünü işə saldı - Təzminat davası

Bakı Sağlamlıq Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Elçin Əzizov bir neçə gün bundan əvvəl onun içkili olması və bu səbəbdən də 67 yaşlı Vladimir Zotovun ölümünə səbəb olması barədə məlumat yayan şəxsi - V.Zotovun övladı İrina Zotovadan 20 min manat təzminat istəyir.

Bu barədə E.Əzizov bildirib.

Artıq məhkəməyə iddia ilə müraciət etdiyini deyən E.Əzizov qeyd edib ki, İ.Zotova onun işgüzar nüfuzuna xələl gətirib, adını ləkələrək rüsvay edib. Buna görə də İ.Zotova həkimə 20 min manat təzminat verməklə yanaşı, məlumatın yayıldığı bütün saytlar vasitəsilə ondan üzr də istəməlidir.

Qeyd edək ki, mərhumun övladı atasını müayinə edən həkimin içkili olduğunu, bu səbəbdən onun hətta liftə minə bilmədiyini, köməkçisinin ona kömək etdiyini, bütün bu anların isə mərkəzin videokamerasına düşdüyünü iddia edir.

Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov isə videokameraya belə görüntülərin düşmədiyini, həkimin liftə minmədiyini, onun mərkəzə pilləkənlə sərbəst şəkildə qalxdığını, xalatını geyindikdən sonra yenidən pilləkənlə endiyini və əməliyyat otağına getdiyini, liftdən isə istifadə etmədiyini, həkimin xəstəni bütünlüklə müayinə etdiyini, onun hətta laparoskopik müayinədən belə kecdiyini söyləyib. H.Həsənov E.Əzizovun çox təcrübəli həkim və içki içmədiyini də söyləyib./trend.az/

MediaFax