Dəhşətli partlayışın təfərrüatları açıqlandı - Yenilənib

09:36 
 
Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.
 
Hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə  alınıb.
 
Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.
 
Nəticədə ev sahibinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
X X X

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.
 
Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
 
Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
-------------
16:21 

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında "Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış baş verib.
 
Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digərləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
 
Xəstəxanada olan əməkdaşımızın məlumatına görə, xəbəri eşidən hər kəs yaralılara baş çəkməyə gəlir.

Yaxınlarının sözlərinə görə, partlayışa səbəb evdən 40 metr aralıda yerləşən yeraltı qaz xəttindəki sızma olub:

"Şəbruz (Müşfiq Qurbanovun xanımı) səhər 6-da namaza duran vaxt işığı yandırıb və həmin an partlayış baş verib. Güclü partlayış 3 yaşlı Banıçiçəyi kənara atıb və valideynləri bir müddət qızı axtarıblar. Bu səbəbdən də ailə güclü yanıq xəsarəti alıb. 

Şəbruz deyib ki, Banıçiçəyi tapmamış evdən çıxan deyil. Daha sonra Müşfiq Qurbanov qızını tapıb maşınla həkimə çatdırıb”.

Yaxınları daha sonra bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub:

"Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb".

Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb:

"Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu..."/qafqazinfo.az/
 
MediaFax