Bakıda evləri ərəblər bahalaşdırır?

"Ərəb turistlərinin Bakıdan daşınmaz əmlak alması ilə bağlı hər hansı rəsmi açıqlama, araşdırma yoxdur. Bu, sadəcə kimlərinsə hardasa gördüyü məsələlərdir”.

Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ərəblərin Bakının mənzil bazarına üz tutmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda əcnəbilərin daşınmaz əmlak alması məsələsi asan deyil: "Məsələn, Türkiyədə xaricilərə birbaşa mənzil almaq hüququ verilir. Azərbaycanda isə qaydalar fərqlidir. Əgər rəsmi rəqəmlər olsaydı, bu artımın hansı səviyyədə olduğunu görərdik. Mənə elə gəlir ki, mənzil bazarında qiymətlərin qalxmasına yönəlik ajiotaj yaradılır.

Ərəblərin Azərbaycana gəlməsi isə başqa məsələdir. Çünki Azərbaycan ərəb ölkələri üçün vizanı aradan götürüb. Onlar əsasən Türkiyədə dincəlməyə üstünlük verirdilər. Son zamanlar Türkiyədə olan terror hadisələri və hərbi çevriliş cəhdi ora turist axınını zəiflətdi. Gürcüstanda da xeyli sayda iran və ərəb turistlərə rast gəlmək mümkündür. Bundan əlavə, ərəb ölkələrində həyat tərzi qapalı olduğu üçün onlar Azərbaycanda daha rahat dincələ bilərlər.

Turistlərin sayının artması isə pozitivdir. Çünki bunun iqtisadiyyata müsbət təsirləri olacaq”./qafqazinfo.az/

MediaFax