Ərdoğanla Putun eyni fikirdə: “Münasibətləri pozmağa yönəlmiş təxribatdır”

Putin: "Andrey Karlovun qətli iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı təxribatdır”

"Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə yetirilib".
 
Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
 
"Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər -  beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb", deyə Rusiya prezidenti qeyd edib.

X X X

Ərdoğan: Bu qətl Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addımdır
 
"Rusiya prezidenti Vladimir Putinlə bu hadisəni isti-isti dəyərləndirdik”.
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

Ərdoğan Rusiya xalqına və prezidentinə başsağlığı verib. 
 
O, səfir A. Karlovla bir həftə öncə görüşdüyünü, onun Rusiya-Türkiyə münasibətlərinin normallaşması üçün önəmli addımlar atdığını da qeyd edib.
 
Ərdoğan bu qətlin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasını pozmağa yönəlmiş addım olduğunu, lakin tərəflərin bu təxribata uymayacağı ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü deyib.
 
Ərdoğan qeyd edib ki, Rusiya prezidenti ilə telefon danışığında bir daha beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaqda israrlı olduqlarını vurğulayıblar.
 
Ərdoğan Putinin ondan Türkiyədəki rusiyalı diplomatlarının təhlükəsizliyi ilə bağlı tədbirlərin gücləndirilməsini istədiyini qeyd edib.
 
"Eyni zamanda Rusiya Karlovun cənazəsinin öz göndərdikləri təyyarə ilə aparılmasını, həmçinin bu qətlin araşdırılmasına Rusiya mütəxəssislərinin də qoşulmasını istədilər. Bizim tərəfimizdən bu məsələlərin heç birində problem yoxdur” deyə Ərdoğan vurğulayıb./APA/

MediaFax